Evdə hazırlanan qiymədən bişirilən kotletlər həm dadı, həm də keyfiyyəti ilə mağaza məhsullarından fərqlənir. Bir çox evdar xanım məhz tərkibinə əmin olduqları üçün qiyməni özləri hazırlamağa üstünlük verir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, kulinariya həvəskarlarını ən çox düşündürən məsələlərdən biri qiyməyə duzun nə vaxt əlavə olunmasıdır. Mütəxəssislərin sözlərinə görə, duz yalnız yeməyə dad vermir, eyni zamanda ətin strukturuna və kotletin nəticəsinə birbaşa təsir göstərir.

Bəzi peşəkar aşpazlar əti maşından keçirməzdən əvvəl duzlamağı məsləhət görürlər. Bu üsul kotletin qızararkən dağılmasının qarşısını alır və formasını daha yaxşı saxlamasına kömək edir. Lakin belə halda kotlet bir qədər sərt alına bilər.

Aşpazlar bildirirlər ki, bu problemi aradan qaldırmaq üçün qiyməyə soğan əlavə etmək kifayət edir. Soğan həm yumşaqlıq verir, həm də kotletin daha şirəli qalmasına kömək edir.

Əgər duz qiymə hazır olduqdan sonra əlavə edilərsə, kotlet daha sulu və yumşaq alınır. Ancaq bu zaman qarışığın tavada dağılma ehtimalı artır. Buna görə yumurta, manna yarması və ya çörək ovuntusu kimi birləşdirici məhsullardan istifadə tövsiyə olunur.

Mətbəx ustaları hesab edirlər ki, ideal nəticə üçün qiymə hazırlandıqdan sonra bütün ərzaqları yaxşıca qarışdırmaq və onu bir qədər soyuducuda saxlamaq da vacibdir. Bu üsul kotletlərin həm formasını qorumasına, həm də daha dadlı olmasına şərait yaradır.