Bir çox insan gündəlik yemək hazırlayarkən fərqinə varmadan həm qaz sərfiyyatını artırır, həm də yeməyin keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, ən geniş yayılmış səhvlərdən biri uyğun olmayan qab ölçüsündən istifadə edilməsidir.

Foodinfo.az “Good Housekeeping” nəşrinə istinadla xəbər verir ki, enerji üzrə ekspert Laura Jenkins kiçik qaz ocağında böyük qazanın istifadəsinin enerji itkisinə səbəb olduğunu açıqlayıb. Onun sözlərinə görə, alov qabın kənarlarından çıxdıqda istiliyin böyük hissəsi boşa gedir.

Ekspert qeyd edib ki, qapaqsız yemək bişirmək də qaz sərfiyyatını artıran əsas səbəblərdən biridir. Qapaq istifadə olunmadıqda su daha gec qaynayır və yeməyin hazırlanma müddəti uzanır.

Araşdırmalar göstərir ki, düzgün ölçülü qab və qapaqdan istifadə enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azalda bilər. Bundan əlavə, yeməyi zəif odda bişirmək bəzi hallarda həm dadı qoruyur, həm də enerji qənaəti yaradır.

Mütəxəssislər bildirirlər ki, sadə görünən bu qaydalar uzun müddətdə həm büdcəyə, həm də mətbəx təhlükəsizliyinə müsbət təsir göstərə bilər.