Mütəxəssislər probiotiklərin sağlamlıq üçün əhəmiyyətli rol oynadığını bildirirlər. “Faydalı bakteriyalar” kimi tanınan probiotiklər xüsusilə bağırsaq sisteminin düzgün işləməsinə kömək edir və immunitetin güclənməsinə dəstək olur.

Foodinfo.az xəbər verir ki, probiotiklər həzmi yaxşılaşdıraraq şişkinlik və qəbizlik kimi problemlərin azalmasına kömək edir. Həkimlər antibiotik istifadəsindən sonra bağırsaq florasının bərpası üçün də probiotiklərin faydalı ola biləcəyini qeyd edirlər.

Bağırsaq sağlamlığının ümumi orqanizmə təsir etdiyi vurğulanır. Bildirilir ki, probiotiklər immun sistemini dəstəkləməklə yanaşı, bəzi insanlarda stress və əhval vəziyyətinə də müsbət təsir göstərir.

Təbii probiotik mənbələri arasında qatıq, kefir və fermentləşdirilmiş digər qidalar yer alır. Gündəlik qidalanmada bu məhsullara yer verməyin faydalı ola biləcəyi bildirilir.

Bununla yanaşı, həkimlər xəbərdarlıq edirlər ki, probiotik əlavələrdən nəzarətsiz istifadə düzgün hesab olunmur. Xüsusilə xroniki xəstəliyi olan şəxslərin və müntəzəm dərman qəbul edənlərin əvvəlcə mütəxəssis məsləhəti alması tövsiyə edilir.