Gecə saatlarında qəlyanaltı etmək bir çox insanın gündəlik vərdişinə çevrilib. Xüsusilə televizor qarşısında çips və şirniyyat yemək geniş yayılıb. Lakin alimlər bəzi məhsulların gecə saatlarında orqanizmə daha çox zərər verdiyini bildirirlər.

Foodinfo.az “Eat This, Not That!” portalına istinadla xəbər verir ki, dietoloq Kevin Ramirez gecə saatlarında qəbul edilən çipslərin ən zərərli qəlyanaltılardan biri olduğunu açıqlayıb. Onun sözlərinə görə, yüksək duz və yağ tərkibi həm həzm sisteminə, həm də ürək-damar fəaliyyətinə mənfi təsir göstərir.

Ekspert qeyd edib ki, gecə vaxtı duzlu məhsullar yemək susuzluğu artırır və yuxu keyfiyyətini zəiflədir. Bundan əlavə, belə qidalar səhər saatlarında şişkinlik və halsızlıq yarada bilər.

Araşdırmalarda göstərilir ki, gecə saatlarında ağır və kalorili qidaların qəbulu maddələr mübadiləsini ləngidir. Bu isə artıq çəki riskini artıran əsas amillərdən biri hesab olunur.

Dietoloqlar gecə acdıqda meyvə, qatıq və ya az miqdarda qoz-fındıq kimi daha yüngül məhsullara üstünlük verilməsini tövsiyə edirlər.