
Son illərdə qida mütəxəssisləri təbii mayalanma yolu ilə hazırlanmış məhsullara xüsusi önəm verir. Foodinfo.az xəbər verir ki, həkim-qastroenteroloq, “Gemotest” laboratoriyasının eksperti Yekaterina Kaşux turş kələmin ən faydalı qidalardan biri olduğunu açıqlayıb.
Onun sözlərinə görə, təbii fermentasiya prosesində kələmdə yalnız vitaminlər qorunmur, həm də orqanizm üçün mühüm probiotik bakteriyalar çoxalır. Bu bakteriyalar bağırsaq mikroflorasını tənzimləyir, həzmi yüngülləşdirir və immuniteti möhkəmləndirir.
Kaşux qeyd edib ki, turş kələm xüsusilə qış aylarında insan sağlamlığı üçün əvəzolunmazdır. Çünki həmin dövrdə təzə tərəvəzlərin çeşidi azalır, orqanizm isə əlavə vitamin mənbələrinə ehtiyac duyur. Bu baxımdan, kələm həm ucuz, həm də əlçatan variantdır.
Mütəxəssis bildirib ki, məhsulun hazırlanması da böyük əhəmiyyət kəsb edir. Klassik reseptə əsasən, üç litrlik şüşə banka üçün təxminən 4 kiloqram payız sortundan kələm, 3-4 ədəd yerkökü və qatqısız 90 qram təbii daş duzu kifayətdir.
“Vacib məqam odur ki, istifadə olunan duzda yod və ya digər kimyəvi əlavələr olmasın. Yalnız təbii daş duzu mayalanma prosesinin düzgün getməsini təmin edir”, – deyə qastroenteroloq əlavə edib.
Ekspert həmçinin vurğulayıb ki, turş kələmin müntəzəm istifadəsi C vitamininin çatışmazlığının qarşısını alır, həm də ürək-damar sisteminə müsbət təsir göstərir. Onun tərkibindəki lif bağırsaq fəaliyyətini yaxşılaşdıraraq toksinlərin orqanizmdən çıxarılmasına kömək edir.
Kaşux insanlara məsləhət görür ki, kələmi duza qoyarkən gigiyena qaydalarına ciddi əməl etsinlər, çünki düzgün saxlanılmayan məhsul zərərli mikroorqanizmlərin yaranmasına şərait yarada bilər.