
Son illərdə rollar sürətli və dadlı qəlyanaltı kimi məşhurlaşıb, lakin mütəxəssislər onların gündəlik qidalanma üçün uyğun olmadığını bildirirlər.
Foodinfo.az xəbər verir ki, Piroqov Universitetinin İnsan Biologiyası və Patologiyası İnstitutunun müəllimi, gastroenteroloq Yekaterina Titova rolların tərkibi səbəbindən onları sağlam seçim hesab etməyin düzgün olmadığını deyib. Onun sözlərinə görə, bu yeməklərdə tez həzm olunan karbohidratlar, yağlar və yüksək kalori miqdarı üstünlük təşkil edir ki, bu da orqanizm üçün əlavə yük yaradır.
Həkim bildirib ki, sosslar rolların ən böyük “gizli təhlükəsidir”. “Xüsusilə qaymaqlı sous, mayonez və tempura kimi əlavələr adi porsiyanı kalori bombasına çevirir”, – deyə Titova “Gazeta.Ru”ya müsahibəsində vurğulayıb. Mütəxəssis qeyd edib ki, insanlar tez-tez yüngül görünən bu yeməklərin arxasında nə qədər enerji dəyəri olduğunu nəzərə almırlar.
Onun sözlərinə görə, adi bir set – yəni iki-üç növ rouldan ibarət porsiya – təxminən 1000–1500 kilokalori təşkil edir. Bu rəqəm çoxları üçün gündəlik kalori normasının yarıdan çoxudur və belə qidalanma artıq çəki, lipid balansının pozulması və həzm sistemində problemlərə səbəb ola bilər. Üstəlik, düyünün çoxluğu qan şəkərinin sürətli yüksəlməsinə şərait yaradır ki, bu da insulin müqavimətini gücləndirə bilər.
Titova əlavə edib ki, rolları yalnız arada-bir, balanslaşdırılmış menyunun tərkibində qəbul etmək daha məqsədəuyğundur. O, xüsusilə hazır setlərdə tərkibin keyfiyyətinə, balığın təzəliyinə və sousların miqdarına diqqət yetirməyi tövsiyə edib.