Düzgün qidalanma və həyat tərzi qan təzyiqinin sabit saxlanmasında mühüm rol oynayır. Mütəxəssislər bildirir ki, gündəlik rasionda kiçik dəyişikliklər belə ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər.
Foodinfo.az mütəxəssis tövsiyələrinə istinadla xəbər verir ki, qidaların tərkibinə diqqət yetirmək, xüsusilə trans və doymuş yağların miqdarını azaltmaq vacibdir.
Həkimlər duz istifadəsini minimuma endirməyi, yeməklərin dadını artırmaq üçün isə ədviyyatlar, göyərti, sirkə, limon və ya meyvə şirəsindən istifadə etməyi tövsiyə edirlər. Eyni zamanda bitki və kərə yağının, marqarin və müxtəlif sousların istifadəsini azaltmaq qan təzyiqinin tənzimlənməsinə kömək edir.
Qan təzyiqi göstəriciləri daim 120/80 mm civə sütunundan yuxarı olduqda risk faktorlarına diqqət yetirilməlidir. Göstəricilər 130–140/80 səviyyəsinə qalxdıqda isə bu hal hipertenziya əlaməti ola bilər və həkim-kardioloqa müraciət etmək tövsiyə olunur.
Əgər təzyiq 180/120 mm civə sütununa çatarsa, 5 dəqiqə sonra yenidən ölçmək və dəyişiklik olmadıqda təcili tibbi yardım çağırmaq vacibdir. Vaxtında görülən tədbirlər ciddi fəsadların qarşısını almağa kömək edir.






