Havaların isinməsi ilə sərinləmək üçün ən çox seçilən məhsulun şübhəsiz dondurma olduğunu dilə gətirən mütəxəssislər bildirirlər ki, dondurma düzgün istehlak edildiyi təqdirdə heç bir sağlamlıq problemi yaratmır.

Ancaq düzgün istehlak edilmədikdə immuniteti aşağı olan insanlarda boğaz infeksiyasına səbəb ola bilər. Dondurmanın tərkibində süd, yağ, şəkər, zülal və kalsium kimi orqanizm üçün vacib maddələr var, bu, yay aylarında uşaqlar üçün əvəzolunmazdır. Həmçinin şirin sevən insanlar üçün sağlam qida mənbəyidir. Təbii meyvələrdən hazırlanmış meyvəli sortları isə antioksidant mənbəyidir. İnək südünə qarşı allergiyası olanlar keçi südündən hazırlanmış dondurma yeyə bilərlər. Dondurmanı su ilə istehlak etmək boğaz infeksiyalarının tezliyini azaldır.

 Foodinfo.az-ın məlumatına görə, dondurma qablaşdırmadan çıxarıldıqdan dərhal sonra istehlak edilməməlidir. Bir müddət gözləyib yemək mədə və bağırsaqlar üçün faydalıdır. Kiçik tikələrlə istehlak etmək boğaz infeksiyası riskini azaldır

 Həkimlər dondurma istehlakında aşağıdakı məsələlərə diqqət çəkir:

  •  Dondurmanın həddindən artıq istehlakı çəki problemi olanlar üçün sıxıntı ola bilər. 
  • Tox mədə ilə yemək daha sağlam seçimdir.
  •  Soyuq su ilə birgə yeyilməməlidir.
  • Dondurma yedikdən sonra dişlərimizi qorumaq üçün ağız yuyulmalıdır.
  • Qablaşdırılmış dondurmalar soyuq yerdə saxlanmalı və son istifadə tarixi yoxlanılaraq istehlak edilməlidir.