
Qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq üçün bəzi tərəvəzlər digərlərindən qat-qat daha təsirlidir. Foodinfo.az xəbər verir ki, Avstraliyanın Edith Cowan Universitetinin alimləri Diabetes, Obesity and Metabolism jurnalında dərc olunan yeni araşdırmada məhz hansı tərəvəzlərin bu baxımdan ən faydalı olduğunu açıqlayıblar.
Tədqiqatda şəkərli diabetdən əziyyət çəkməyən, lakin yüksək qan təzyiqi olan könüllülər iştirak edib. Onlar iki həftə ərzində müxtəlif növ tərəvəzlər istehlak ediblər: bir qrup kələmkimilər (brokkoli, gülkələm, ağ kələm və kaley), digər qrup isə kök, kartof və balqabaq kimi kökümeyvələr yeyib.
Alimlərin müşahidələrinə görə, kələmkimilərdən istifadə edən iştirakçılarda qan şəkərinin səviyyəsi daha sabit qalıb və qida qəbulundan sonra kəskin dalğalanmalar müşahidə olunmayıb. Bu, xüsusilə diabet riski olan insanlar üçün mühüm göstəricidir, çünki şəkərin qəfil qalxıb-enməsi ürək-damar xəstəliklərinin də inkişafına şərait yaradır.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, gündə cəmi dörd porsiya brokkoli, gülkələm və ya digər kələmkimilərdən istifadə qanda qlükoza səviyyəsini idarəetməyə kömək edə bilər. Onların tərkibindəki lif və fitokimyəvi maddələr qidanın daha yavaş həzm olunmasını təmin edir və bununla da şəkərin sürətlə yüksəlməsinin qarşısını alır.
Mütəxəssislər vurğulayır ki, bu tərəvəzlər həmçinin bədənin insulinə olan həssaslığını da artırır, bu isə uzunmüddətli dövrdə 2-ci tip diabetin qarşısını almaqda əhəmiyyətli rol oynaya bilər.
Bundan əlavə, kələmkimilər antioksidantlarla zəngindir və orqanizmdə iltihab proseslərini azaldır. Bu xüsusiyyətlər onların qanda şəkərin sabit qalması ilə yanaşı, ümumi metabolik sağlamlığa da müsbət təsir göstərməsinə səbəb olur.
Alimlərin fikrincə, düzgün qidalanma planında bu cür tərəvəzlərin gündəlik istifadəsi yalnız diabet riskini azaltmır, həm də ürək və damar sisteminin sağlamlığını qoruyur. Nəticə olaraq, brokkoli və digər kələmkimilər süfrədə nə qədər çox yer tutsa, orqanizm üçün bir o qədər faydalı olacaq.