Qəhvə çoxları üçün günə başlamağın ayrılmaz hissəsidir, lakin hər növ qəhvə bədənə eyni dərəcədə faydalı deyil. Foodinfo.az xəbər verir ki, Çin alimlərinin apardığı geniş araşdırma həll olunan (toz) qəhvənin uzunmüddətli istifadəsinin görmə zəifliyinə səbəb ola biləcəyini ortaya qoyub.

Təxminən yarım milyon nəfərin iştirak etdiyi tədqiqatda mütəmadi olaraq toz qəhvə içən insanlarda sarı ləkə xəstəliyi (yaşla bağlı makulyar degenerasiya) riskinin yeddi dəfə çox olduğu müəyyən edilib. Bu xəstəlik gözün torlu qişasını zədələyir və görmə qabiliyyətinin tədricən itməsi ilə nəticələnir.

Alimlərin sözlərinə görə, filtrdən keçirilmiş və ya kofeinsiz qəhvə belə riski artırmır. Mütəxəssislər xüsusilə 40 yaşdan yuxarı şəxslərə, xüsusilə də ailəsində göz xəstəlikləri olanlara toz qəhvədən uzaq durmağı məsləhət görürlər.

Sarı ləkə xəstəliyi dünyada görmə itkisinin əsas səbəblərindən biridir. Təkcə Almaniyada hər il minlərlə insan bu xəstəliyin nəticəsində görmə qabiliyyətini itirir.

Həkimlər vaxtında aparılan göz müayinələrinin bu xəstəliyin ilkin mərhələdə aşkarlanması və qarşısının alınması üçün çox vacib olduğunu bildirirlər.

Araşdırmanın nəticələri Food Science & Nutrition jurnalında dərc olunub.