Üç tikə qaydasına əməl etsəniz, həddindən artıq yemək vərdişindən əl çəkmək daha asan olacaq. 

 Foodinfo.az xəbər verir ki, bu qayda haqqında psixoloq Yuliya Reşetnikova danışıb.

Onun sözlərinə görə, həddindən artıq yemək xoşagəlməz bir simptomdur, lakin nadir hallarda baş verirsə, bu, bədənin özünü tənzimləməsi hesab edilə bilər.

Lakin yemək həvəsi gərginliyi aradan qaldırmaq üçün mütəmadi istifadə etdiyiniz bir üsula çevrilirsə, o zaman bu, qidalanma pozğunluğuna çevrilə və sağlamlığa mənfi təsir göstərə bilər.

Psixoloq süfrə başında 3 tikə qaydasına riayət etməyi məsləhət görür. Bunun üçün yemək yeyərkən ilk üç tikəni mümkün qədər yavaş və şüurlu şəkildə, yeməyin dadını, teksturasını, temperaturunu, sərtliyini və ya yumşaqlığını, iyini hiss edərək yeməlisiniz. Hətta bütün hiss etdiklərinizi ürəyinizdə özünüzə danışa bilərsiniz. Sizin üçün nə qədər dadlı olduğuna, bu anda hansı hisslərin yarandığına diqqət yetirin. Beləliklə, doyma hissi çox yemədən də, daha sürətli gələcək.

Mütəxəssisin fikrincə, artığını yeməmək üçün özünüzə sual verməlisiniz: "Mən həqiqətən də yemək istəyirəmmi?"

Buterbrod, bir neçə konfet, bir parça şokolad pəhrizi pozur. Belə baxanda, çox bir şey yemirsən, lakin qəribə hiss yaranır: nə tox deyilsən, nə ac. Bu atışdırmalıqları ləğv etmək lazımdır.

Hər dəfə yemək haqqında düşünəndə özünüzdən soruşun: "Mən indi nə hiss edirəm? Nə istəyirəm? Yeməklə nəyi doldururam?" 

Əgər elə bir aclığın olmadığını başa düşürsünüzsə, deməli, yeməyə ehtiyac sırf psixolojidir. Bu vəziyyətdə əsas vəzifə aclığı canınızın sıxılması ilə qarışdırmamaq və pəhrizə riayət etməkdir.