
Qida sənayesində uzunmüddətli saxlanma üçün istifadə olunan trans yağlar ürək-damar sağlamlığı üçün ən riskli yağ növlərindən hesab olunur. Foodinfo.az xəbər verir ki, bu yağlar xolesterin səviyyəsini yüksəldir və damarların daralmasına səbəb olur.
Amerikalı ürək mütəxəssisi Dr. Walter Willett “Harvard School of Public Health”ə verdiyi açıqlamada bildirib ki, trans yağlar az miqdarda qəbul edilsə belə, infarkt və insult riskini artırır: “Onların təhlükəsi ondadır ki, həm yaxşı xolesterini azaldır, həm də pis xolesterini yüksəldir”.
Dünya Səhiyyə Təşkilatı trans yağların gündəlik rasiondan tamamilə çıxarılmasını tövsiyə edir. Xüsusilə hazır qənnadı məhsulları, sürətli yeməklər və paketlənmiş qəlyanaltılar bu yağların əsas mənbələridir.
Mütəxəssislər istehlakçıları etiketləri diqqətlə oxumağa və “hidrogenləşdirilmiş yağ” ifadəsinə diqqət etməyə çağırırlar. Sağlam pəhriz üçün zeytun yağı, avokado və qoz-fındıq kimi təbii yağların seçilməsi məsləhət görülür.