Bu gün Azərbaycan Respublikasının Milli Məclisində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmə təşkil olunub.

Foodinfo.az xəbər verir ki, ictimai dinləmədə bir sıra dövlət orqanlarının nümayəndələri, Milli Məclisin komitə sədrləri, deputatlar, Qeyri-Hökumət Təşkiltalrının təmsilçiləri və jurnalistlər iştirak edib.

İctimai dinləmədə çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, ölkədə qida təhlükəsizliyi sahəsində həyata keçirilən işlər ciddi nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb. Həyata keçirilən tədbirlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsində mühüm rol oynayıb. Ötən dövrdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Proqramın icrası ilə əlaqədar Agentlik tərəfindən ölkəmizdə insan, heyvan və bitki sağlamlığı üçün təhlükə törədən müvafiq risklərin idarə edilməsi, biotəhlükəsizliyin qorunması və təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. 2023-cü il yanvarın 1-dən qüvvəyə minən, qida və yem məhsullarının təhlükəsizliyini əhatə edən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn 15 qayda layihəsi hazırlanıb və təsdiq olunub. Agentliyin Kollegiyasının müvafiq qərarları ilə bir sıra texniki normativ hüquqi aktlar qəbul edilib, bir sıra texniki normativ hüquqi aktlara dəyişiklik olunub.

Q.Təhməzli vurğulayıb ki, qanunvericilik bazasının möhkəmləndirilməsi ilə yanaşı, Agentlik tərəfindən ölkə üzrə müvafiq nəzarət və tənzimləmə sistemi formalaşdırılıb, bu istiqamətdə aktual və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. İstehsal etdikləri qida məhsulları respublikamıza idxal olunan xarici qida obyektlərinin qeydiyyatına toxunan AQTA sədri deyib ki, Agentlik tərəfindən 24 ölkədə fəaliyyət göstərən 349 qida obyekti qiymətləndirilərək təsdiq olunub. Bunlardan 246-da video inspeksiya, 103-də isə yerində qiymətləndirilmə aparılıb. Həmçinin Agentliyin Kollegiyası Rusiya Federasiyasının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının qida obyektləri üzrə təsdiq sisteminin, Türkiyə Respublikasının isə müəyyən məhsul qrupları üzrə ekvivalentliyinin qismən tanınması ilə bağlı müvafiq qərar qəbul edib. Digər ölkələrlə də qida obyektləri üzrə təsdiq sistemlərinin ekvivalentliyinin tanınması ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir.

Q.Təhməzli heyvan sağlamlığının təmin edilməsi ilə bağlı görülmüş işlərə də toxunub. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) “PVS aləti” standartları üzrə respublikanın baytarlıq sisteminin qiymətləndirilməsi aparılıb və 2015-ci ildə keçirilmiş əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə mühüm irəliləyişlərə nail olunması qənaətinə gəlinib. Heyvan xəstəliklərindən azad zonanın yaradılması işlərinə başlanıb və ÜHST ekspertlərinin iştirakı ilə ərazinin hüdudları (Zəngilan, Qübadlı və Cəbrayıl rayonlarının əraziləri tam, Füzuli və Xocavənd rayonlarının əraziləri qismən əhatə olunmaqla) müəyyənləşdirilib. Respublika ərazisində dabaq, bruselyoz, xırdabuynuzlu heyvanların taunu, qoçların epidemiti, quşların qripi, quduzluq, infeksion larinqotraxeit, pasterellyoz, infeksion bronxit və mikoplazmoz və digər xəstəliklərə qarşı kənd təsərrüfatı heyvanlarında, quşlarda, habelə vəhşi quş və heyvanlarda epizootoloji monitorinqlər dövri olaraq həyata keçirilib. Atların manqo xəstəliyi ilə bağlı Azərbaycandan Qazaxıstana ixrac olunan atlara tətbiq edilən qadağa 2021-ci ildən etibarən aradan qaldırılaraq atların ixracı bərpa edilib. Habelə Rusiya Federasiyası ilə razılıq əldə olunaraq sözügedən atların Rusiya ərazisi vasitəsilə quru yolla daşınması həyata keçirilib. Atların Afrika xəstəliyindən və donuzların Afrika taunu xəstəliyindən Azərbaycanın 2024-cü il üzrə azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Xırdabuynuzlu heyvanların taunu xəstəliyi üzrə azad statusun alınması üçün ölkə hesabatı hazırlanaraq ÜHST-ə təqdim edilib və ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə kimi tələblərə cavab verməsi təsdiq olunub.

AQTA sədri çıxışı zamanı qida məhsullarının zənginləşdirilməsi məsələsinə də yer ayırıb. Qeyd edilib ki, qida məhsullarının zənginləşdirilməsi “Qida təhlükəsizliyi haqqında” Qanunda təsbit edilib və buna dair tələblər müəyyənləşdirilib. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi qaydası” təsdiqlənib. Bildirilib ki, ucuz başa gәlməsi, qidalanma vәrdişlərində xüsusi dәyişikliyə ehtiyac olmaması və әhalinin bütün tәbәqәlәrinin gündәlik olaraq çörәk vә un mәmulatları istehlak etməsi səbəbindən Azәrbaycanda zәnginlәşdirilmәk üçün әn uyğun qida buğda unudur. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində Agentlik tərəfindən Azərbaycan Respublikası Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin və digər aidiyyəti dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb. Cari il üçün Agentlik və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən aparılan bazar araşdırması nəticəsində zənginləşdirilməsi planlaşdırılan buğda çörəyinin hazırlanması üçün nəzərdə tutulan buğda ununun hər tonu üçün premiks (mikronutriyent qatqısı) xərci orta hesabla (daşınma və gömrük xərcləri daxil edilmədən) ~0.65 AZN olaraq hesablanıb.

Çıxışı zamanı palma yağı haqqında da məlumat verən Q.Təhməzli vurğulayıb ki, bugünədək ölkəmizdə istehsal olunan, eyni zamanda idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) elmi məqaləsinə mövzu olan və tənzimlənməsi həyata keçirilmiş maddələr üzrə heç bir uyğunsuzluq aşkar edilməyib. Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və EFSA kimi beynəlxalq təşkilatların heç birinin palma yağının özünəməxsus hər hansı bir təhlükəsi ilə bağlı məlumatı dərc olunmayıb.

Daha sonra ictimai dinləmədə deputatlar, QHT nümayəndələri müxtəlif mövzular üzrə çıxış edib, fikirlərini bildiriblər. Həmçinin ictimai dinləmə zamanı müzakirələr aparılıb, suallar cavablandırılıb.