Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə ölkədə meyvə istehsalı ilə məşğul olan sahibkarlarla videokonfrans formatında görüş keçirilib.

Tədbirdə Agentliyin Aparat rəhbəri Elxan Mikayılov ölkədə təhlükəsiz və beynəlxalq standartlara uyğun meyvə istehsalının qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, son illər Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə həyata keçirilən islahatlar, həmçinin kənd təsərrüfatı və qida sənayesi sektorlarında müasir standartların tətbiq olunması bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün geniş imkanlar yaradır və ixrac potensialının artırılmasına gətirib çıxarır. Keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalı isə ilk növbədə aqrotexniki qaydalara düzgün riayət olunması ilə bağlıdır.

Görüşdə daha sonra meyvə istehsalı sahələrində pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarına nəzarət, təsərrüfatlarda aşkarlanan zərərli orqanizmlərlə, o cümlədən də qəhvəyi mərmər bağacığı ilə mübarizə, qeyd jurnallarının tətbiqi, pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadə qaydaları haqqında sahibkarlara ətraflı məlumat verilib. Müvafiq qaydalara əməl olunmasının vacibliyi önə çəkilib. Eləcə də vurğulanıb ki, sahibkarlar torpaqda pestisid qalıqlarının, ağır metalların, mikro və makroelementlərin təyini, su və aqrokimyəvi maddələrdə kimyəvi-toksikoloji müayinələrin həyata keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi”nin Şamaxı Regional Sınaq Laboratoriyasına müraciət edə bilərlər.

Tədbirin sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.