Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasına (LRSL) gənclər üçün infotur təşkil olunub. AQTİ-nin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən infoturda həmin bölgədən olan gənclər istirak edib.

Foodinfo.az xəbər verir ki, infotur gənclərin LRSL-in fəaliyyəti ilə yaxından tanış olması, həmçinin gələcəkdə birgə layihələrin reallaşdırılması perspektivlərinin nəzərdən keçirilməsi məqsədilə təşkil edilib. İnfotur zamanı gənclər LRSL-ə baxış keçirib və laboratoriyanın maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin onlara laboratoriya haqqında ətraflı məlumat verilib. Bildirilib ki, LRSL üç istiqamətdə fəaliyyət göstərir. Laboratoriyada qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, molekulyar bioloji və virusoloji müayinələrin aparılması, eyni zamanda heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası aparılır.

İnfotur iştirakçılarına LRSL-lə yanaşı, AQTİ-də gənclər üçün yaradılan şərait, o cümlədən işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.