Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri, karantin nəzarətində olan bitki və bitkiçilik məhsullarının zərərvericilərdən təmizlənməsi məqsədilə qaz və buxar halında olan kimyəvi maddələr vasitəsilə həyata keçirilən prosesdir. Bu tədbirlər əsasən xüsusi hazırlanmış bərk formalı tabletlər və ya maye halında olan fumiqant preparatlarının tətbiqi ilə aparılır.
Foodinfo.az bildirir ki, fumiqasiya yalnız müvafiq hazırlıq keçmiş mütəxəssislər tərəfindən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fumiqasiya dəstəsi tərəfindən həyata keçirilir. Bu tədbirlərə nəzarət isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təmin olunur.
Fitosanitar tələblərə uyğun olaraq, fumiqasiya idxal-ixrac əməliyyatları zamanı məhsulların beynəlxalq tələblərə uyğun zərərsizləşdirilməsini təmin etmək məqsədilə icra olunur. Eyni zamanda, bu tədbirlər daxili daşınma zamanı, saxlama anbarlarında, topdan və pərakəndə satış məntəqələrində də aparıla bilər.
Fumiqasiya tədbirləri Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) çərçivəsində qəbul edilmiş ISPM 15 – “Taxta qablaşdırma materiallarının beynəlxalq ticarətdə tənzimlənməsi” beynəlxalq fitosanitar standartına əsaslanır.
Mövzu ilə bağlı videonu təqdim edirik.






