Kəsim məntəqələrinin tipindən asılı olaraq həmin məntəqələr stasionar, modul və ya səyyar (mobil tipli) baytarlıq-sanitariya ekspertizası laboratoriyası ilə təmin edilməlidir.   

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənəddə göstərilir ki, bu laboratoriyalarda “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın Əlavəsində (“Baytarlıq-sanitariya ekspertizası laboratoriyasında mövcud olmalı avadanlıqların və reaktivlərin siyahısı”) qeyd edilən müvafiq avadanlıq və reaktivlərin olması zəruridir. Kəsilən heyvanlardan və ya quşlardan götürülən nümunələr isə səyyar, modul və ya stasionar fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertizası laboratoriyasında laborator müayinələrə cəlb edilməlidir.

Qeyd edək ki, diri heyvan və quşların satışı bazarlarında, kəsim məntəqələrində, heyvan mənşəli qida məhsullarının ticarəti aparılan obyektlərdə və yarmarkalarda, həmçinin həmin məhsulların saxlandığı soyuducu və ya dondurucu anbarlarda və istehlak olunduğu ictimai-iaşə obyektlərində baytarlıq-sanitariya ekspertizasını həyata keçirən stasionar, modul və ya səyyar (mobil tipli) laboratoriya baytarlıq-sanitariya ekspertizası laboratoriyasıdır. 

 Onu da bildirək ki, səyyar (mobil tipli), stasionar və modul tipli kəsim məntəqələri mövcuddur.