Müasir dövrdə bir çox insan yüksək kalorili, lakin qida dəyəri az olan məhsulları gündəlik həyatında tez-tez istifadə edir. Foodinfo.az xəbər verir ki, “SberSağlamlıq” tibb şirkətinin endokrinoloqu Marqarita Belousova belə qidaların orqanizm üçün ciddi təhlükə yaratdığını bildirib.

Həkimin sözlərinə görə, “boş kalori” adlandırılan məhsullar — yəni şirin içkilər, tort, şirniyyat, fastrud və yağlı qəlyanaltılar — orqanizmə çox enerji verir, amma vitamin, mineral və zülal baxımından demək olar ki, heç bir fayda daşımır.

Belousova qeyd edib ki, bu cür məhsullar tez toxluq hissi yaratsa da, qida maddələrinin çatışmazlığı səbəbindən insan yenidən aclıq hiss edir. Bu da artıq qidalanma və nəticədə kökəlmə ilə nəticələnir.

Mütəxəssis bildirib ki, artıq çəki təkcə estetik problem deyil, həm də ürək-damar xəstəlikləri, şəkərli diabet, qaraciyər pozğunluğu, bəzi onkoloji xəstəliklər və depressiya kimi ciddi sağlamlıq fəsadlarının əsas səbəblərindən biridir.

O, xəbərdarlıq edib ki, belə qidaların tez-tez istehlakı orqanizmdə dəmir, kalsium və vitamin çatışmazlığına gətirib çıxara bilər. Bu isə uzun müddətdə sümük, əzələ və sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərir.

Belousovanın sözlərinə görə, çoxlu miqdarda karbohidratlı qidaların tərkibində tez-tez konservantlar, aromatizatorlar və stabilizatorlar olur. Bu maddələr allergiya və mədə-bağırsaq sistemi xəstəliklərinin yaranma riskini artırır.

Mütəxəssis sağlam qidalanma üçün balanslı rasiona əməl etməyi tövsiyə edib. Onun fikrincə, bu məqsədlə “Harvard boşqabı” adlanan sadə üsuldan istifadə etmək olar.

Bu yanaşmaya əsasən, yemək boşqabı dörd hissəyə bölünür: yarısı tərəvəz, meyvə və göyərti, dörddə biri zülallı qidalar — yəni balıq və ya az yağlı ət, qalan dörddə biri isə mürəkkəb karbohidratlar, məsələn, tam taxıllı yarmalar və ya makaron olmalıdır.

Endokrinoloq qeyd edib ki, “boş kalori”li məhsullar tamamilə rasiondan çıxarılmaya bilər, lakin onların payı ümumi qidalanmanın 10 faizindən çox olmamalıdır.

Belousovanın fikrincə, belə yanaşma həm bədən çəkisinin normallaşmasına, həm də əhval-ruhiyyənin və iş qabiliyyətinin yaxşılaşmasına kömək edir.

O, sonda əlavə edib ki, düzgün və balanslı qidalanma yalnız artıq çəkidən qorunmaq üçün deyil, həm də uzunmüddətli sağlamlıq və uzun ömür üçün əsas şərtlərdən biridir.