Amerikalı neyrobioloqlar müəyyən ediblər ki, yuxusuz gecədən sonra yaranan diqqətsizlik və fikrin dağınıqlığı beynin özünü təmizləmə mexanizmi ilə bağlıdır. Foodinfo.az Nature Neuroscience jurnalına istinadla xəbər verir ki, beyin bəzən ayıqlıq halında bir neçə saniyəlik “diqqət fasiləsi” yaradır ki, toplanmış zərərli maddələrdən təmizlənsin.
Məlumdur ki, normal yuxu zamanı beyin fəal şəkildə təmizlənir — onurğa beyni mayesi neyronlara zərər vura biləcək maddələri bədəndən uzaqlaşdırır. Məsəçusets Texnologiya İnstitutundan professor Laura Lyuisin rəhbərlik etdiyi tədqiqat qrupu belə qənaətə gəlib ki, əgər beyin bu işi gecə görə bilmirsə, gündüz öz-özünə bu prosesi başladır, lakin bunun müqabilində diqqət zəifləyir.
Tədqiqatda 26 könüllü iştirak edib. Onlar həm normal yuxudan, həm də yuxusuz gecədən sonra sınaqdan keçiblər. İştirakçılar sadə reaksiya tapşırıqlarını yerinə yetirərkən alimlər onların beyin fəaliyyətini maqnit-rezonans avadanlığı ilə izləyiblər.
Nəticələr göstərib ki, yuxusuz qalan insanlar tapşırıqlar zamanı tez-tez “dayanır” və siqnalları qaçırırdılar. Beyin təsvirlərinin analizi isə maraqlı bir qanunauyğunluq üzə çıxarıb: diqqətin itməsindən təxminən iki saniyə əvvəl onurğa beyni mayesinin hərəkəti güclənir, diqqət bərpa olunanda isə bu axın dayanır.
Alimlərin qənaətinə görə, bu, beynin qoruyucu davranışıdır. Yuxusuz gecədən sonra beyin “mikro fasilələr” yaradaraq özünü zərərli maddələrdən təmizləyir və neyronların zədələnməsinin qarşısını alır.






