Səhər yeməyi üçün ən rahat seçimlərdən biri hesab olunan tez bişən sıyıqlar əslində düşündüyümüz qədər faydalı deyil. Foodinfo.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Olqa Yablokova bu məhsulların sağlamlığa gizli zərərindən danışıb və onlardan necə təhlükəsiz istifadə etməyin yollarını izah edib.
Onun sözlərinə görə, əsas problem bu sıyıqların çox dərəcədə emal olunmasındadır. İstehsal zamanı dənli bitkilər yüksək temperaturda qızdırılır, hissələrə ayrılır və düzləşdirilir. Bu proses nəticəsində onların tərkibindəki B qrupu vitaminləri və antioksidantlar məhv olur.
Bu səbəbdən belə məhsulların şəkəri qana sürətlə yüksəldən təsiri yaranır ki, bu da şəkərli diabet və artıq çəki risqini artırır.
Yablokova bildirib ki, əlavə təhlükə dadlandırıcılar, duz, şəkər və ətirvericilər səbəbindən yaranır. İstehsalçılar məhsulun dadını yaxşılaşdırmaq üçün bu maddələri əlavə edirlər, lakin nəticədə sıyıq sağlam səhər yeməyindən çox şirin qəlyanaltıya çevrilir.
Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, plastik qablaşdırmada olan sıyıqlar isti su ilə qarışdırıldıqda mikroplastik və zərərli kimyəvi maddələr qidaya keçə bilər. Bu isə uzunmüddətli dövrdə hormon balansına və orqanizmin müdafiə sisteminə mənfi təsir göstərir.
Yablokova məsləhət görür ki, tez bişən sıyıqlardan yalnız səfərdə və ya vaxt az olduqda istifadə olunsun. Gündəlik qidalanmada isə tam dənli (qabuğu soyulmamış) taxıllar seçilməlidir. Onları axşamdan suda isladıb səhər bişirmək həm daha faydalı, həm də daha təbii nəticə verir.
Əgər yenə də hazır sıyıqdan istifadə etmək lazım gələrsə, plastik qabda deyil, şüşə və ya saxsı qabda dəmləmək, tərkibinə diqqətlə baxmaq və şəkər, ətirverici və rəngləndirici olan məhsullardan uzaq durmaq tövsiyə olunur.






