Pəhriz zamanı baş verən “sürüşmə” vəziyyətindən necə düzgün çıxmaq barədə mütəxəssislər tövsiyələr veriblər. Onların fikrincə, belə hallar uğursuzluq deyil, təcrübə kimi dəyərləndirilməlidir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, diyetoloq və nutrisioloq Yuliya Kaşapovanın sözlərinə görə, planlaşdırılmış sağlam yemək əvəzinə, məsələn, pizza yemək dünyanı dağıtmır və insan özünü qınamamalıdır.
Mütəxəssis bildirir ki, ilk addım vəziyyəti qəbul etmək və səbəbi araşdırmaqdır. Sürüşmədən əvvəlki hallar – yorğunluq, stress, uzun müddət ac qalmaq və ya əl altında hazır yeməyin olmaması – təhlil edilməlidir. Bu amilləri yazmaq gələcəkdə oxşar vəziyyətlərin qarşısını almağa kömək edir. Real olmayan və həddindən artıq sərt planlar da tez-tez pozuntulara səbəb olur.
Ekspert günahkarlıq hissini kənara qoymağı və planı yenidən qurmağı tövsiyə edir. Həftəlik aydın menyu hazırlamaq, sevilən yeməkləri rasiona daxil etmək, alış-verişi və yemək hazırlığını əvvəlcədən planlaşdırmaq faydalıdır. Gündə azı 30 dəqiqə fiziki aktivlik, məsələn, piyada gəzinti əlavə etmək də rejimə qayıtmağı asanlaşdırır. Yaxın insanlarla məqsədi bölüşmək və dəstək almaq motivasiyanı gücləndirir. Yeni günə sakit və planlı başlamaq isə sağlam qidalanma vərdişlərini bərpa etməyə kömək edir.






