Demensiya adətən yaddaş itkisi ilə əlaqələndirilsə də, mütəxəssislər xəstəliyin ilk əlamətlərinin bundan xeyli əvvəl ortaya çıxdığını bildirirlər. Həkimlərin sözlərinə görə, danışıq və yazı tərzində yaranan dəyişikliklər gələcəkdə inkişaf edə biləcək neyrodegenerativ proseslər barədə vacib siqnallar verə bilər.
Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, tibb elmləri namizədi, psixiatr Vladimir Vojjov demensiyanın ciddi yaddaş problemləri yaranmazdan aylar, bəzən isə illər əvvəl özünü göstərməyə başladığını deyib. Onun sözlərinə görə, bir çox insan demensiyanı yalnız unutqanlıqla əlaqələndirdiyi üçün erkən əlamətlər diqqətdən kənarda qalır. Halbuki beyin hüceyrələrində baş verən dəyişikliklər əvvəlcə insanın danışığında və yazısında əks olunur.
Mütəxəssis izah edib ki, sadə bir cümlənin qurulması zamanı beynin yaddaş, diqqət və qərarvermə funksiyalarına cavabdeh olan müxtəlif sahələri eyni vaxtda fəaliyyət göstərir. Bu sistemlərdən hər hansı biri zədələnməyə başladıqda danışıqda müəyyən dəyişikliklər yaranır. Belə hallarda insan adi söhbət zamanı tez-tez dayanır, söz tapmaqda çətinlik çəkir və fikrini ifadə etmək üçün uzun fasilələr verir.
Psixiatrın sözlərinə görə, ən diqqətçəkən əlamətlərdən biri sadə sözlərin tez-tez unudulmasıdır. Məsələn, insan “stəkan” və ya “telefon” sözünü xatırlaya bilmədikdə əşyanın adını deyil, funksiyasını təsvir etməyə çalışır. Bu vəziyyət nadir hallarda baş verirsə normal sayılsa da, davamlı təkrarlanırsa, mütəxəssis məsləhəti almaq vacibdir.
Vladimir Vojjov qeyd edib ki, demensiyanın ilkin mərhələsində insanlar eyni fikri dəfələrlə təkrar etməyə meylli olurlar. Onlar bir neçə dəqiqə əvvəl söylədikləri cümləni yenidən fərqli formada ifadə edə və ya verilən suallara əvvəlki cavabları təkrarlaya bilərlər. Bununla yanaşı, nitq ehtiyatı da tədricən azalır, mürəkkəb ifadələr və təsviri sözlər danışıqdan çıxmağa başlayır.
Yazı tərzindəki dəyişikliklər də mühüm siqnal hesab olunur. Həkimin sözlərinə görə, xəstəliyin erkən mərhələsində xətt əvvəlkindən daha iri, nizamsız və qeyri-sabit ola bilər. Sətirlər düz getmir, yazıda əvvəllər olmayan orfoqrafik səhvlər meydana çıxır. Elektron yazışmalarda isə məntiqi ardıcıllığın pozulması, sözlərin qəribə düzülüşü və söhbətin mövzusunu izləməkdə çətinlik müşahidə edilə bilər.
Mütəxəssis vurğulayıb ki, sadalanan əlamətlərin heç biri təkbaşına demensiya diaqnozu demək deyil. Bu dəyişikliklər yorğunluq, stress, yuxu pozğunluğu və ya digər sağlamlıq problemləri ilə də əlaqəli ola bilər. Lakin belə əlamətlər davamlı şəkildə müşahidə edilirsə, nevroloq və ya psixiatr müayinəsindən keçmək tövsiyə olunur.
Həkimin fikrincə, erkən diaqnostika xəstəliyin gedişatını ləngitmək və insanın həyat keyfiyyətini uzun müddət qorumaq baxımından böyük əhəmiyyət daşıyır. Buna görə də yaşlı ailə üzvlərinin danışığında, davranışında və yazı tərzində baş verən dəyişikliklərə diqqətlə yanaşmaq vacibdir. Belə müşahidələr gələcəkdə ciddi problemlərin qarşısının alınmasına kömək edə bilər.






