Saqqız çeynəmək bir çox insan üçün gündəlik vərdişə çevrilsə də, həkimlər bu vərdişin nəzarətsiz və uzun müddət davam etməsinin sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirirlər.
Foodinfo.az xəbər verir ki, saqqızın faydası onun neçə dəqiqə çeynənməsindən birbaşa asılıdır.
Yeməkdən sonra 10–15 dəqiqə saqqız çeynəmək ağızda tüpürcək ifrazını artırır. Bu proses dişlərdə qalan qida qalıqlarının təmizlənməsinə, turşuluğun azalmasına və ağız qoxusunun qarşısının alınmasına kömək edir.
Daqqızı 20–30 dəqiqədən artıq çeynəmək çənə oynağında ağrı, baş ağrısı, mədə turşusunun artması və köp kimi problemlərə səbəb ola bilər. Xüsusilə acqarına saqqız çeynəmək mədə üçün zərərli hesab olunur.
Şəkərli saqqızlar diş çürüməsi riskini artırır. Bu səbəbdən ksilitollu və şəkərsiz saqqızlar daha təhlükəsiz alternativ kimi göstərilir. Lakin bu saqqızların da normadan artıq istifadə edilməməsi vacibdir.
Reflüks, qastrit və çənə oynağı problemi olan şəxslərə saqqızdan az istifadə etmək məsləhət görülür. Uşaqlarda isə uzun müddətli saqqız çeynəmək çənə inkişafına mənfi təsir göstərə bilər.
Ümumiyyətlə saqqız çeynəmək düzgün və ölçülü olduqda faydalıdır. Optimal müddət isə 10–15 dəqiqə hesab olunur. Bu həddin aşılması sağlamlıq problemlərinə yol aça bilər.






