
Son illər idman zallarında ən çox tətbiq olunan güc hərəkətlərindən biri olan stanova tərzi bir çox hallarda bel ağrılarına səbəb olur.
Foodinfo.az “Championat.ru” saytına istinadla xəbər verir ki, mütəxəssislər bu məşq zamanı yaranan ağrıların həm texniki, həm də tibbi səbəblərlə bağlı ola biləcəyini açıqlayıblar.
Ortoped-travmatoloq Pavel Semişenkov bildirib ki, stanova tərzində beldə ağrıların yaranması çox vaxt mövcud onurğa problemlərinin üzə çıxması ilə əlaqədardır.
Onun sözlərinə görə, osteoxondroz, fəqərəarası disk yırtığı və ya oynaq artrozu olan şəxslər bu hərəkəti edərkən əlavə travma riski daşıyırlar. Bel ağrısı əksər hallarda orqanizmdə biomekanik problemlərin xəbərçisidir.
Məşqçi Viktoriya Turişeva isə vurğulayıb ki, idmançılar arasında ən çox rast gəlinən səhvlərdən biri belin yuvarlaqlaşdırılmasıdır. Bu halda yük birbaşa fəqərəarası disklərə düşür və zədələnmə riski artır. Digər səhv isə ştanqı ayaqlar və ombalar əvəzinə belin gücü ilə qaldırmaqdır ki, bu da onurğaya həddindən artıq təzyiq göstərir.
Ekspertlərin fikrincə, zəif qarın və bel əzələləri də bel ağrılarının əsas səbəblərindəndir. Əgər bədənin “core” adlanan əzələ qrupu kifayət qədər güclü deyilsə, onurğa ağır çəkini stabilləşdirə bilmir və nəticədə zədələnmələr qaçılmaz olur. Həmçinin, artıq çəkilər, köhnə travmalar və ya kifayət qədər hazırlığın olmaması da bel ağrılarını gücləndirən amillərdir.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu hərəkət hər kəs üçün uyğun deyil. Onurğa və oynaq problemləri, həmçinin hipermobilliyi olan şəxslərə stanova tərzini yerinə yetirmək tövsiyə olunmur. Onlara əvvəlcə oynaqları möhkəmləndirən yüngül məşqlər etmələri məsləhətdir.
Bel ağrısından qorunmaq üçün məşqə başlamazdan əvvəl isinmə hərəkətləri etmək, çəkini mərhələli şəkildə artırmaq və düzgün texnikaya ciddi riayət etmək vacibdir. Bundan başqa, plank, hiperekstansiya və körpü kimi hərəkətlərlə qarın və bel əzələlərini möhkəmləndirmək də ağrı riskini azaldır.
Həkimlərin sözlərinə görə, əgər bel ağrısı məşqdən sonra 2-3 gündən çox davam edirsə, mütləq müayinə olunmaq lazımdır. Əks halda, sadə zədələnmə xroniki ağrı sindromuna çevrilə bilər.