
Meyvələr adətən sağlamlıq üçün faydalı hesab olunsa da, onların istifadəsi bəzi hallarda təhlükə yarada bilər.
Foodinfo.az xəbər verir ki, endokrinoloq və immunoloq Gülnarə Filatova xüsusilə üzümün diqqətlə yeyilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu meyvə dadlı görünsə də, hətta az miqdarda qəbul edildikdə qaraciyər və mədəaltı vəzi üçün ciddi yük yaradır.
Filatova bildirib ki, üzümün tərkibində qlükoza və fruktoza çoxdur. Buna görə də onun tez-tez və həddindən artıq yeyilməsi qan şəkərinin sürətlə qalxmasına səbəb ola bilər. Bu xüsusilə şəkərli diabet xəstələri və maddələr mübadiləsi pozğunluğu olan şəxslər üçün təhlükəlidir.
Digər tərəfdən, Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq və Xəstəliklərin Profilaktikası Mərkəzinin həkim-metodisti Yekaterina Guzman evdə konservləşdirmə zamanı botulizm təhlükəsinə diqqət çəkib. O deyib ki, xəstəlik hətta texnologiyanın cüzi pozulması nəticəsində belə yarana bilər.
Onun sözlərinə görə, botulizmin ilk əlamətləri adətən on iki ilə otuz altı saat ərzində üzə çıxır. Gözlərin ikiləşməsi, görmənin zəifləməsi, ağız quruluğu, udmada və danışıqda çətinlik, əzələ zəifliyi bu xəstəliyin əsas simptomları sırasındadır.
Guzman əlavə edib ki, tərəvəzlərin yaxşı yuyulması, bankaların və qapaqların sterilizasiyası, həmçinin reseptə tam əməl olunması vacibdir. O, həmçinin xəbərdarlıq edib ki, konserv üçün istifadə olunan məhsullar zədələnmiş və ya həddindən artıq yetişmiş olmamalıdır.