
Norveç Elm və Texnologiya Universitetinin alimləri bel ağrısının qarşısını almaq üçün sadə, lakin effektiv üsul müəyyən ediblər. Tədqiqatın nəticələri JAMA Network Open jurnalında dərc olunub.
Foodinfo.az xəbər verir ki, araşdırmada 11 mindən çox iştirakçı iştirak edib. Onların fiziki aktivliyi xüsusi sensorlar vasitəsilə izlənilib. Mütəxəssislər qeyd edirlər ki, bel sağlamlığı üçün ən vacib göstərici gəzintilərin sürəti yox, ümumi müddətidir.
Tədqiqatın əsas nəticəsi budur ki, nə qədər sürətli gəzməyiniz deyil, nə qədər uzun müddət hərəkətdə olmağınız önəmlidir. Bu, o deməkdir ki, sakit, amma davamlı gəzintilər də bel ağrısının qarşısını almaq üçün böyük fayda verir.
Tədqiqat müəlliflərindən biri, aspirant Rayan Haddac bildirib ki, gündə 100 dəqiqədən çox gəzən insanlarda bel ağrısı riski 23% azdır, əksinə, gündə 78 dəqiqə və ya daha az gəzənlərdə bu risk daha yüksəkdir.
Alimlər vurğulayırlar ki, bu sadə vərdiş xroniki bel ağrısının profilaktikası üçün təsirli və hər kəsin tətbiq edə biləcəyi üsuldur. Həmçinin qeyd olunur ki, gəzinti təbii hərəkət forması olduğundan, əlavə avadanlıq və ya xüsusi məşqlər tələb olunmur.
Ekspertlər tövsiyə edir ki, gündəlik gəzintini həyat tərzinə daxil etmək, uzunmüddətli sağlamlıq üçün vacib addımdır və bel ağrısından əziyyət çəkənlər üçün də asan, təhlükəsiz üsuldur.