
Dietoloqlar stressi azaltmaq üçün ən sadə üsullardan birinin düzgün seçilmiş qəlyanaltılar olduğunu bildirirlər. Foodinfo.az xəbər verir ki, Rusiyalı dietoloq Tatyana Zalyotova pendirlə (tvoroq) giləmeyvələrin birlikdə qəbulunu “anti-stress qəlyanaltısı” kimi dəyərləndirib.
Mütəxəssisin sözlərinə görə, karbohidratlı qidalar orqanizmdə “xoşbəxtlik hormonları” kimi tanınan serotonin və dopaminin ifrazını artırır. Bu isə əhval-ruhiyyənin yüksəlməsinə və rahatlama hissinin yaranmasına kömək edir.
“Əsas məqsəd düzgün vasitələrdən istifadə etməkdir. Ağıllı qəlyanaltı strategiyasına əməl edin: tərkibində lif və zülal bol olan məhsullara üstünlük verin”, – deyə Zalyotova qeyd edib.
Onun sözlərinə görə, belə yeməklər uzun müddət həzm olunur, qan şəkərinin kəskin dəyişməsinin qarşısını alır və toxluq hissini daha uzun müddət saxlayır.
Digər tərəfdən, qastroenteroloq Yekaterina Kaşux isə meyvə qabığının əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, məsələn, alma qabığında meyvənin özündən daha çox vitamin və mineral toplanır.
“Qabıqda immunitet üçün vacib C vitamini, qan laxtalanmasına kömək edən K vitamini, həmçinin ürək-damar sisteminin sağlamlığı üçün önəmli kalium var”, – deyə mütəxəssis açıqlamasında bildirib.
Həkimlər qidalanmada bu cür sadə, lakin faydalı nüanslara diqqət etməklə həm stressin təsirini azaltmağın, həm də immuniteti gücləndirməyin mümkün olduğunu vurğulayırlar.