Piroqov Universitetinin qastroenterologiya və dietologiya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının professoru Tatyana Strokova bildirib ki, limonlu suyun qəbul edilməsi arıqlamağa kömək etmir. Foodinfo.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bədən çəkisinin normada saxlanılması yalnız düzgün və balanslı qidalanmadan asılıdır. Burada yaş, cins və fiziki aktivlik də nəzərə alınmalıdır.

Həkim qeyd edib ki, heç bir məhsul müntəzəm istifadə edildikdə arıqlamağa səbəb ola bilməz. Onun sözlərinə görə, pəhriz rejimi şüurlu şəkildə qurulmalı və gündəlik əlavə yeməklərin sayı minimuma endirilməlidir. Bu halda insanın orqanizmi daha sağlam və stabil şəkildə çəkini tənzimləyə bilər.

Strokova əlavə edib ki, arıqlamaq istəyənlər mütləq şəkildə dietoloqla məsləhətləşməli və fərdi rasion hazırlanmalıdır. O, düzgün qidalanmanın uzunmüddətli nəticə verdiyini, sürətli arıqlama üsullarının isə sağlamlığa zərər gətirdiyini vurğulayıb.

Mütəxəssis həmçinin vurğulayıb ki, limonlu su orqanizm üçün faydalı ola bilər, lakin onu möcüzəvi arıqlama vasitəsi kimi təqdim etmək düzgün deyil. Bunun əvəzinə, balanslı qidalanma, fiziki aktivlik və rejimə əməl etmək sağlam çəkiyə sahib olmağın əsas yollarıdır.