Laboratoriya testləri üç əsas Avropa brendi – “Philips Avent”, “Curaprox” və “Sophie la Girafe”nin istehsalı olan uşaq əmziklərində reproduktiv funksiyasının pozulması, piylənmə və xərçənglə əlaqəli sintetik maddə olan bisfenol A (BPA) izlərini aşkar edib.
“The Guardian” nəşri xəbər verir ki, “dTest” Çexiya istehlakçı təşkilatı Çexiya, Sloveniya və Macarıstandan olan 21 nümunəni araşdıraraq testlər aparıb. Uşağın əmzikdən istifadəsini simulyasiya etmək üçün hər bir məhsul bədən temperaturunda süni tüpürcək məhluluna salınıb və sonra kimyəvi maddələr emissiyalarını təhlil ediblər.
Nəticələr həyəcan verici olub. Hamısının “BPA-sız” etiketlənməsinə baxmayaraq, dörd modeldə BPA aşkar edilib.
Ən yüksək səviyyə (19 μg/kq) “Curaprox Baby Grow With Love”da aşkar edilib - Aİ limitindən (10 μg/kq) demək olar ki, iki dəfə çoxdur. “Sophie la Girafe” əmziyində qatılıq 3 mkq/kq təşkil edib. “Philips Avent Ultra Air”də isə 2 mkq/kq. Temu bazarından alınan daha bir nümunədə də BPA aşkarlanıb.
Bisfenol A estrogen qadın hormonunu imitasiya edən bir maddədir. O, endokrin sisteminin işinə müdaxilə edir və döş və prostat xərçəngindən tutmuş diabet, piylənmə və cinsi inkişaf pozuntularına qədər geniş nəticələr spektrinə səbəb ola bilər.
“Hətta BPA mikrodozaları belə uşağın inkişaf edən orqanizminə təsir göstərə bilər. Bu, ən təhlükəli çirkləndirici kateqoriyalarından biri olan orqanizmin endokrin sisteminin fəaliyyətini poza bilən maddələrdir”, - deyə “Chem Trust” təşkilatın eksperti Xloya Topping vurğulayır.
İstehsalçılar fərqli reaksiya verdilər.
“Curaden” şirkəti (“Curaprox” brendi) problemi etiraf edib və müştərilərə geri ödəmə təklif edərək məhsulu müvəqqəti olaraq satışdan geri çağırıb.
“Philips” bildirib ki, DEKRA laboratoriyasında müstəqil yoxlama aparıb, BPA-nın olmadığı təsdiq edilib və məhsullarının tam təhlükəsiz olduğunu israr edir.
“Sophie la Girafe” istehsalçısı “Vulli” bildirib ki, əmziklər artıq məhsul xəttinin bir hissəsi deyil, aşkar edilmiş konsentrasiyalar isə təhlükə yaratmaq üçün çox aşağıdır.
Buna baxmayaraq ekspertlər xatırladırlar: hormonal balansı pozan maddələrin hətta minimal dozaları belə uzunmüddətli kontaktda kumulyativ təsirlərə səbəb ola bilər. AZƏRTAC






