Performance Food xidmətinin dietoloqu Tatyana Meşçeryakova RT-yə verdiyi müsahibədə maddələr mübadiləsi və kalorilərin sərf olunması barədə vacib məqamları açıqlayıb. Foodinfo.az xəbər verir ki, ekspert qeyd edib ki, maddələr mübadiləsi — bu, bədənin hüceyrələrində gedən mürəkkəb kimyəvi proseslər toplusudur və onu idarə etmək sadə deyil.

Meşçeryakova bazal metabolizm dərəcəsini — yəni, istirahət halında orqanizmin yandırdığı kalori miqdarını — xatırladıb. Onun sözlərinə görə, bu proses çoxmərhələli olduğundan elm hələ də maddələr mübadiləsinin necə və nə ilə sürətlənməsi barədə tam cavab verməyib.

Mütəxəssis əlavə edib ki, bəzi maddələr, məsələn kofein, qısa müddətə kalorilərin yandırılmasını artırsa da, müntəzəm qəbul edənlər üçün bu effekt zəifləyir. Günün müəyyən saatlarında yemək və ya bəzi qidaların qəbulu isə maddələr mübadiləsinin sürətinə əhəmiyyətli təsir göstərmir.

Tatyana Meşçeryakova uzun müddət oruc tutmağın maddələr mübadiləsini yavaşlata biləcəyini vurğulayıb və düzgün yuxu rejiminin sinir sistemi, hormonal tarazlıq və endokrin sistemin normal fəaliyyəti üçün vacib olduğunu qeyd edib.

Kaloriləri effektiv yandırmaq üçün ən təsirli yolun əzələlərin gücləndirilməsi və müntəzəm məşq olduğunu deyən dietoloq əlavə edib:

“Əzələ toxuması daha çox enerji sərf edir və hətta istirahətdə belə kalori yandırır. Hər gün 25-30 dəqiqəlik sürətli gəzinti belə orqanizm üçün faydalıdır, intensiv məşqlər isə kalorilərin daha çox sərf olunmasına səbəb olur.”

Beləliklə, kalori sərfiyyatını artırmaq və maddələr mübadiləsini dəstəkləmək üçün balanslı qidalanma ilə yanaşı, aktiv həyat tərzi və müntəzəm fiziki fəaliyyət əsas şərtdir.