Baş ağrısı ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olaraq gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir. Ağrının yaranmasına əsas səbəblər arasında stress, yuxusuzluq, susuz qalmaq, uzun müddət elektron cihazlardan istifadə və fiziki yorğunluq yer alır.

Foodinfo.az xəbər verir ki, susuzluq baş ağrısının ən geniş yayılmış səbəblərindən biridir. Bu halda 1–2 stəkan su içmək ağrının azalmasına kömək edir. Həmçinin sakit və qaranlıq otaqda qısa müddət istirahət etmək, xüsusilə gərginlik və miqren tipli ağrılarda faydalı hesab olunur.

Soyuq və isti kompreslərin də təsirli ola biləcəyi bildirilir. Alın nahiyəsinə tətbiq olunan soyuq kompres miqren zamanı rahatladıcı təsir göstərir. Boyun və çiyin bölgəsinə qoyulan isti kompres isə əzələ gərginliyini azaldaraq ağrını yüngülləşdirir.

Az miqdarda kofein qəbulu bəzi hallarda baş ağrısını azaldır. Lakin həddindən artıq çay və ya qəhvə istehlakı əksinə, ağrını daha da gücləndirə bilər. Ağrıkəsici dərmanlardan istifadə isə yalnız ehtiyac olduqda və həddindən artıq olmamaq şərti ilə tövsiyə edilir.

Baş ağrısı qəfil və çox şiddətli başlayarsa, tez-tez təkrarlanarsa və ya görmə pozğunluğu, keyimə, ürəkbulanma kimi əlamətlərlə müşayiət olunarsa, mütləq tibbi yardım alınmalıdır.

Sağlam yuxu rejimi, balanslı qidalanma, kifayət qədər su qəbulu və stressin azaldılması baş ağrılarının qarşısını almaqda mühüm rol oynayır.