
Qidalanma insan sağlamlığında vacib rol oynasa da, təkbaşına onkoloji xəstəliklərin əsas səbəbi deyil. Foodinfo.az xəbər verir ki, Rusiyanın tanınmış onkoloqu, tibb elmləri namizədi Dr. Andrey Pılyov qidalanmanın xərçəng riskinə təsirini şərh edib.
Onun sözlərinə görə, bəzi məhsullarda potensial zərərli maddələr tapıla bilər, lakin bu, ümumi riskin çox kiçik bir hissəsini təşkil edir. “Qırmızı ətin normadan artıq istehlakı kolorektal (bağırsaq) xərçəng riskini artıra bilər. Amma eyni zamanda lifli qidaların çoxluğu bu riski azalda bilir”, – deyə mütəxəssis vurğulayıb.
Dr. Pılyov hesab edir ki, xərçəngin yaranmasında əsas faktor genetik meyllilikdir. Həmçinin stress, həyat tərzi və ətraf mühit faktorları da ciddi rol oynayır. Buna baxmayaraq, balanslı qidalanma, meyvə-tərəvəzin çoxluğu və spirtli içkilərdən uzaq durmaq orqanizmin ümumi müqavimətini artırır.
Mütəxəssis qeyd edir ki, düzgün və şüurlu qidalanma bir çox digər xəstəliklərin qarşısını almağa kömək edir. Onun fikrincə, insanlar panikaya düşmək əvəzinə, sağlamlıqla bağlı qərarları elmi əsaslara söykənərək verməlidirlər.