Yaş artdıqca bəzi qidaların orqanizmə təsiri daha da güclənir və sağlamlıq baxımından risklər artır.
Foodinfo.az xəbər verir ki, dietoloq, qastroenteroloq və qida psixoloqu Nuriyə Dianova yağlı süd məhsullarının 50 yaşdan yuxarı insanlar üçün ciddi təhlükə yarada biləcəyini bildirib. Onun sözlərinə görə, son tədqiqatlar göstərir ki, yağlı süd və süd məhsullarının müntəzəm istehlakı qaraciyərin xroniki xəstəlikləri və hətta qaraciyər xərçəngi riskini artırır.

"Doymuş yağlar bu məhsulların tərkibində çoxdur və onlar qaraciyər üçün bir nömrəli düşməndir", – deyə Dianova qeyd edib.

Mütəxəssis, xüsusilə yaşlı insanlara və qaraciyərində artıq problem olanlara süd məhsullarına münasibəti yenidən nəzərdən keçirməyi tövsiyə edir. O, yağlı məhsulların əvəzinə az yağlı və ya bitki mənşəli alternativlərə üstünlük verilməsini məsləhət görür.

Dianovanın sözlərinə görə, südü və ya digər süd məhsullarını az istifadə etmək orqanizmin kalsium ehtiyacını zədələməz. Kalsium tələbatını göyərtilərdən və üyüdülmüş küncütdən də rahatlıqla ödəmək mümkündür.