Yumurta gündəlik qida rasionumuzun vacib hissəsidir. Asanlıqla əldə edilə bilən, zülal keyfiyyəti və çeşidi ilə zəngin, istifadəsi və hazırlanması asandır. Eyni zamanda, əlavə olunduğu məhsulun funksional dəyərini artıran qidadır.

Foodinfo.az yumurta alarkən nəzərə alınmalı olan məqamları təqdim edir:

Qırılmış, çatlamış və çirkli yumurtalar alınmamalıdır.

Açıq yerdə satılan yumurtalara üstünlük verilməməlidir.

Yumurtalar 5 dərəcədən aşağı temperaturda saxlanmalıdır. Otaq temperaturunda saxlanmamalıdır. 12°C-dən yüksək temperaturda satılan yumurtaların xarab olma riski artır. Bu xarab yumurtalar istehlak edildikdə allergik reaksiyalar, həzm sistemi pozğunluqları və mikrobioloji problemlər yarada bilər.

Yumurtalar təmiz və sərin mühitdə, qoxulu məhsulların olmadığı yerlərdə saxlanmalıdır. Çünki yumurtanın üzərindəki kiçik məsamələr xarici qoxuların yumurtaya sızmasına səbəb olur.

Satılan yumurta qutuları üst-üstə yığılmamalı və mümkünsə öz karton qabında saxlanmalıdır.

Yumurta təzə istehlak edilməlidir.

Qanlı, kiflənmiş, iyli yumurtaların satışı qadağandır.

Qoxulu yumurtaların qabığının rəngi boz olur.

Yumurta yalnız istifadə etməzdən əvvəl yuyulmalıdır (əvvəlcədən yuyulmuş yumurta qoruyucu təbəqəni zədələyəcək və yumurta vaxtından əvvəl xarab olacaq)

A sinfi yumurtanın son istifadə tarixi yoxlanılmalıdır. 

İstifadə müddəti yumurtlama tarixindən 28 gündən çox ola bilməz. Eyni qablaşdırmada müxtəlif yumurtlama tarixli yumurtalar satışa çıxarılarsa, yararlılıq müddəti müəyyən edilərkən ilk yumurtanın tarixi nəzərə alınır.