Yemək zamanı smartfonla məşğul olmaq artıq çəkinin artmasına gətirib çıxara bilər. Bu barədə qastroenteroloq Yekaterina Kaşux məlumat verib. Foodinfo.az Gazeta.ru-ya istinadla xəbər verir ki, mütəxəssisin sözlərinə görə, həzm prosesləri — mədə şirəsinin ifrazı və bağırsaq hərəkətliliyi — insanın yemək zamanı nə ilə məşğul olmasından asılı olmayaraq reflektor şəkildə işə düşür.
Həkim izah edib ki, insan yemək yeyərkən diqqətini smartfona yönəltdikdə diqqət parçalanması baş verir. Beyin eyni vaxtda iki informasiya axınını — ekrandan gələn vizual-mətn məlumatını və qida qəbulu zamanı yaranan sensor siqnalları emal etməyə çalışır. Şüur səviyyəsində isə eyni anda yalnız bir proses üstünlük qazana bilir və adətən bu, vizual informasiya olur.
Nəticədə beyin mədənin tədricən doyduğuna dair siqnalı vaxtında qəbul etmir. Bu isə mədə dolu olsa belə toxluq hissinin yaranmamasına, sistemli şəkildə artıq yeməyə və nəticədə artıq çəkinin artmasına səbəb olur.






