Vaxt azlığı səbəbindən bir çox insanın səhər yeməyində seçdiyi bəzi məhsullar gün ərzində diqqət toplama qabiliyyətinə mənfi təsir göstərə bilər. Bu barədə psixiatr D. Amen Metropoles nəşrinə verdiyi müsahibədə danışıb. Foodinfo.az Metropoles saytına istinadla xəbər verir ki, mütəxəssisin sözlərinə görə, sıx iş qrafiki olan insanlar tez-tez hazır və şirin səhər yeməklərinə üstünlük verirlər.

Həkim bildirib ki, bu cür qidalara şəkər əlavə olunmuş quru səhər yarmaları, şirinləşdirilmiş yulaf sıyığı, müslibarlar və sürətli karbohidratlarla zəngin digər məhsullar daxildir. Amen vurğulayıb ki, şəkər və orqanizmdə tez bir zamanda şəkərə çevrilən məhsullar günə başlamaq üçün uğurlu seçim sayılmır.

Onun sözlərinə görə, belə səhər yeməyi ilk anda enerji və gümrahlıq hissi yaratsa da, bu təsir qısa müddətli olur. Qısa sürən enerji artımından sonra diqqət toplamaqda çətinlik, dalğınlıq və konsentrasiyanın azalması müşahidə olunur ki, bu hallar gün ərzində davam edə bilər. Bu səbəbdən psixiatr səhər yeməyində şirin məhsullardan imtina etməyi tövsiyə edib.