Bu içki “pis” xolesterinin səviyyəsini aşağı salmağa, arterial təzyiqi normallaşdırmağa, damarların elastikliyini artırmağa və ürəyin işini yaxşılaşdırmağa kömək edir. Kardioloq Yelena Kovalın sözlərinə görə, dad baxımından qəhvədən üstün, faydalılığına görə isə çaydan daha təsirli olan bu içki kakaodur. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, həkim gündə iki fincan kakao içməyi tövsiyə edir.

Mütəxəssis bildirib ki, XX əsrin sonlarında Niderlandda aparılan genişmiqyaslı tədqiqat zamanı kakaonun insan sağlamlığına təsiri araşdırılıb. Nəticələr göstərib ki, mütəmadi olaraq kakao qəbul edən şəxslərdə arterial təzyiq, bu içkini içməyənlərlə müqayisədə orta hesabla daha aşağı olub.

Araşdırmaçılar müəyyən ediblər ki, kakao tərkibindəki yağlar və antioksidantlar ürək-damar sistemi üçün müsbət təsir göstərir. Bu maddələr qan dövranını yaxşılaşdırır, təzyiqin normallaşmasına kömək edir və hətta kakao içməyənlərlə müqayisədə yaşlanma prosesini 5–10 il ləngidə bilir.

Kardioloq əlavə edib ki, kakao flavonoidlərlə zəngindir. Bu maddələr beyin fəaliyyətini aktivləşdirir, yaddaşı möhkəmləndirir və diqqəti artırır.

Bununla belə, Yelena Koval vurğulayıb ki, bütün faydalı xüsusiyyətlərinə baxmayaraq, kakao qəbulunu gündə iki fincanla məhdudlaşdırmaq lazımdır. Xüsusilə piylənmə və şəkərli diabetdən əziyyət çəkən şəxslər bu məsələdə ehtiyatlı olmalıdırlar.