Vitaminlər, minerallar, lif və antioksidantlarla çox zəngin olan meyvə və tərəvəzlər mühüm qida mənbəyidir. Ümumdünya Səhiyyə Təşkilatına görə, gündə ən az 400 qram (5 porsiya) meyvə və tərəvəz istehlak etmək xərçəng, tənəffüs xəstəlikləri, böyrək və xroniki xəstəliklər kimi qeyri-infeksion xəstəliklərin riskini azaldır.

Foodinfo.az bildirir ki, meyvə və tərəvəz kimi təzə məhsulları istehlak edərkən maksimum fayda əldə etmək üçün aşağıdakılara əməl etmək lazımdır:

Tərəvəz və meyvələr axan suyun altında çox yaxşı yuyulmalıdır.

Çiy istehlak ediləcək tərəvəz və meyvələr üçün xüsusi doğrama taxtalarından istifadə edilməlidir. Çirklənməməsi üçün çiy ət/toyuq tipli qidalardan ayrı saxlanmalıdır.

 Əhəmiyyətli vitaminlər və minerallar daha çox xarici qabıqda və onun bir az altındakı daxili hissədə cəmləşdiyi üçün onu xüsusilə çiy halda istehlak etməyə diqqət yetirilməlidir.

 Təzə tərəvəzlərin çeşidlənməsi və bişirilməsi zamanı vitamin itkisi baş verə bilər. Ona görə də tərəvəzlər yuyulub çeşidləndikdən sonra bişiriləcəksə, uzun müddət gözləmədən istehlak edilməlidir.

 Tərəvəz və meyvələrin qida maddələri ilə zəngin qalması üçün hazırlanma, bişirmə və saxlama şərtləri düzgün aparılmalıdır. 

Tərəvəzlərdə vitamin itkisini minimuma endirmək üçün onları bişənə yaxın yuyub doğramaq lazımdır. Tərəvəz və meyvələrin suda saxlanmaması tövsiyə olunur, çünki suda həll olunan vitamin və minerallar kimi mikroelementlərin suda saxlanılan tərəvəz və meyvələrdə saxlama suyuna keçməsi ehtimalı var .