Dünyada artıq çəkidən əziyyət çəkənlərin sayı getdikcə artır. Buna səbəb passiv, oturaq həyat tərzi və səhv qidalanmadır. Bir çoxları arıqlamaq üçün yemək vərdişlərini tənzimləməli, sevdikləri bir çox qidalardan imtina etməli olurlar. Lakin imtina etmək əvəzinə, alternativlərdən istifadə etmək olar.

 Foodinfo.az xəbər verir ki, həkim-diyetoloq Marina Sorokina bu barədə məsləhətlərini verib.

Onun sözlərinə görə, arıqlamaq üçün özünüzü alışdığınız yeməklərdən məhrum etmək lazım deyil. Çoxları üçün qidadakı yağları azaltmaq kifayət edəcək. Üstəlik, bunun üçün rasionu köklü şəkildə dəyişməyə də ehtiyac yoxdur.

Kiçik düzəlişlər yalnız aşağıdakı məhsullardan istifadə edərkən lazımdır:

"Fast food". Mağazadan alınan burger və naggetsləri evdə hazırlananlarla əvəz edin. Lakin əti yağda qızartmayın, sobada və ya qrildə bişirin. Sousları təbii pomidor şirəsi və ya evdə hazırlanmış mayonezli sarımsaq pastası ilə əvəzləyin. Dadı dəyişməyəcək, amma bədən ölçüləriniz sizi sevindirəcək.

Qaymaqlı qəhvə. Adi qaymaq kifayət qədər yağlıdır - azı 10%. Onu yağsız südlə əvəz etsəniz, cəmi bir ay ərzində 3-4 kq arıqlaya bilərsiniz.

Souslar. Mayonezi xama və ya sarımsaq pastası ilə, mağazadan alınan ketçupu isə evdə hazırlanan tomat pastası ilə əvəz edin. Salat və makaronu qatıqla da (evdə hazırlanan və ya alınma yunan qatığı ilə) yemək olar. 

Qəlyanaltılar. Çips, peçenye, krekerlər dadlı və xırçıltılı olsa da, kökəltmək kimi xoşagəlməz bir xüsusiyyətə malikdirlər. Onların əvəzinə, atışdırmalıq üçün yalnız təzə və ya qurudulmuş meyvə-tərəvəzlərdən istifadə edin: aclığı daha effektiv şəkildə aradan qaldırır və sağlamlığa zərər vermirlər.

Pizza. Təbii ki, tərkibində nə qədər çox ət, balıq və ya dəniz məhsulları olsa, pizza bir o qədər dadlı və tutumludur. Lakin artıq çəki sizi narahat edirsə, ət və balıq əvəzinə, bol tərəvəzli pizzalardan yeyin. Brokkoli, ispanaq, pomidor, bibər, soğan və digər tərəvəzlər menyunuzu genişləndirəcək, orqanizmdə vitamin çatışmazlığını aradan qaldıracaq və eyni zamanda tez arıqlamağa kömək edəcək.