Bəzi insanlar səhər yeməyini ötürməyi vərdişə çevirsə də, mütəxəssislər bunun qidalanmada ən vacib mərhələ olduğunu bildirir. Foodinfo.az xəbər verir ki, diyetoloq, tibb elmləri namizədi Natalya Denisova aif.ru-ya müsahibəsində deyib ki, səhər qəbul edilən qida enerji mənbəyi kimi çıxış etdiyindən menyuda karbohidratların üstünlük təşkil etməsi məqsədəuyğundur.

Uzunmüddətli toxluq hissi yaratmaq üçün səhər qarabaşaq, yulaf yarması, tam dənəli çörək, meyvə və tərəvəz kimi mürəkkəb karbohidratlarla başlamaq tövsiyə olunur. Mütəxəssis bildirib ki, səhər yeməyinin omba və bel bölgəsində piylənmənin qarşısını almaqda da rolu var, çünki düzgün qida qəbulu gün ərzində qəfil aclıq hücumlarını azaldır. Denisovanın sözlərinə görə, səhər yeməyi yalnız fiziki enerjini deyil, beyin fəaliyyətini də gücləndirir, diqqət və məhsuldarlığı artırır. O qeyd edib ki, səhər yeməyini atlayan insanlar gün ərzində nəzarətsiz yeməyə daha çox meylli olur və bu, həddindən artıq qida qəbuluna gətirib çıxara bilər.

Diyetoloq vurğulayıb ki, axşam yeməyi isə tam əksinə – daha çox zülalla zəngin olmalıdır. Çünki yatağa yaxın vaxtda karbohidratların çoxluğu metabolizmi ləngidə, bədənə əlavə yük yarada bilər. Axşam toyuq əti, balıq, yumurta, kəsmik və tərəvəz kombinasiya edilərsə, bu, həm yüngül, həm də qidalı nəticə verir. Mütəxəssis əlavə edib ki, qidalanma balansı yalnız ümumi kalori deyil, günün vaxtına uyğun düzgün bölgü ilə daha effektiv olur. O, səhər yeməyi vərdişini həyat tərzinə çevirməyin sağlam çəki və yaxşı enerji səviyyəsi üçün əsas olduğunu vurğulayıb.