Palma yağı palma meyvəsindən əldə edilən yarı bərk bitki yağıdır. Palma yağı əsasən yemək yağı kimi istifadə olunur. Dizel və ya biodizel istehsalında da istifadə olunur.

Foodinfo.az xəbər verir ki, palma yağı, Malayziya, Qərbi və Mərkəzi Afrika və İndoneziyada geniş şəkildə becərilən Elaeis guineensis kimi tanınan yağlı meyvənin pulpasından (50% yağ nisbəti) əldə edilən bir yağdır. Tərkibində yüksək miqdarda laurik turşusu olan (40-52%) meyvənin çəyirdəyindən alınan yağ palma çəyirdəyi yağı kimi tanınır.

Bu meyvə xüsusilə məhsul yığımı və emal zamanı güclü enzimatik hidroliz reaksiyalarına məruz qaldığından, palma yağının sərbəst yağ turşusunun tərkibi bəzi hallarda 50%-ə qədər arta bilər. Hətta keyfiyyətli meyvələrdən əldə edilən palma yağının tərkibində digər bitki yağlarından daha yüksək sərbəst yağ turşusu var.

Palma yağı 38-52% oleik və 5-11% linoleik turşusu ilə oleiklinoleik qrup yağlar sırasındadır. Doymuş yağ turşularından biri olan palma yağının palmitik turşusu 32-45% arasında dəyişir. Yarım bərk palma yağında doymamış yağ turşularının 85%-dən çoxu qliserin molekulunun 2-ci mövqeyində yerləşir. Trigliserid quruluşu və sərbəst yağ turşusu tərkibi palma yağının ərimə və plastik xüsusiyyətlərinə təsir göstərir.