Bol çeşidli, isti və soyuq yeməklər, salatlar, müxtəlif şirniyyatlar, növbənöv təamlar zəngin bayram süfrələrinin fərqli dadlarıdır. Onların hərəsindən bir az dadmaq çox vaxt sonra orqanizmdə müəyyən narahatlığa səbəb olur. Ona görə də Novruz bayramında qida rasionuna xüsusi diqqət yetirmək lazımdır.

Foodinfo.az xəbər verir ki, həkim-diyetoloq Leyla Zülfüqarova bununla bağlı bildirib: “Şəkərbura və paxlavanın hər birinin ciddi ölçüsü var. Bir ədəd şəkərburanın 500-600 kilokalori dəyərini ekvivalent olaraq təqribən bir boşqab plovla eyniləşdirmək mümkündür. Belə nemətlərin istehlakı yüksək xolesterin və şəkərli diabetdən əziyyət çəkənlərdə şəkər faizinin həddən artıq yüksəlməsinə səbəb olur. Ona görə də bitki çaylarının qəbul edilməsinə üstünlük verilməlidir. Xüsusilə çayın tərkibinə darçın çubuqları əlavə etmək lazımdır”.

Bəzən bayram süfrələrində çeşid həddən artıq çox olur ki, yemək, salat və şirniyyatlar bir neçə gün qəbul edilir. Bu zaman qidanın tərkibində müəyyən dəyişikliklər gedir və bu da orqanizmə ciddi zərər vurur.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Leyla Mehdibəyli bununla əlaqədar deyib: “Mayonezli məhsullar hazırlanandan bir müddət sonra hətta soyuducuda saxlanıldıqda belə sağlamlıq üçün təhlükəli ola bilər. Ona görə də salatları çox miqdarda deyil, tələbata uyğun qədər hazırlamaq lazımdır. Konservləşdirilmiş məhsulların istifadəsi zamanı da istehlakçılar son dərəcə diqqətli olmalıdırlar. Ət, toyuq, balıq, yumurta, göbələk və s. kimi riskli məhsullardan hazırlanan yeməklərin süfrədə iki saatdan artıq qalması tövsiyə olunmur”.

Sağlam qidalanma üçün iki üç-saatdan bir müəyyən miqdarda qida qəbulu məsləhətdir. Əsas odur ki, yeməklər qarışdırılmasın və müəyyən hədd gözlənilsin. Bu zaman balansı qorumaq üçün ehtiyac duyulan miqdarda su içmək məsləhətdir.