Dünyada tanınan içkilər arasında bəlkə də ən məşhuru çaydır. Populyarlıq və yayılma baxımından o, sudan sonra ikinci yerdədir. Lakin sudan fərqli olaraq, yalnız susuzluğu yatırtmaq üçün deyil, həm də tonik və istiləşdirici vasitə kimi istifadə olunur. Çay Camellia sinesis bitkisindən hazırlanan içkidir. Tonik təsirə əlavə olaraq, bəzi ölkələrdə ənənəvi tibdə istifadə olunan bir sıra digər faydalı xüsusiyyətlərə malikdir.

Süfrələrimizin ən çox sevilən, ilin istənilən fəslində və günün hər vaxtı qəbul edilən içkisi haqqında söhbət açmaq təsadüfi deyil: təqvimin bir günü də hər gün içdiyimiz çaya ayrılıb.

2019-cu ilin dekabrında BMT Baş Assambleyasında mayın 21-nin Beynəlxalq Çay Günü elan edilməsi barədə qətnamə qəbul olunub.

Yayın qorabişirən istisində ürəyimiz yananda çətin ki, ayran, atlama, limonad içib sərinləyəsən. Ya gərək su, ya da gərək çay içəsən. Məsələ burasındadır ki, çay qışda isinmək, yayda sərinləmək üçün müraciət olunan nadir içkilərdən biridir.

Hansısa ziyafət, qonaqlıq, məclis, ləziz yemək süfrəsi olursa-olsun, mütləq onun sonu çay süfrəsi ilə yekunlaşmalıdır. Çayla yekunlaşmayan süfrə bir növ natamam olur. Hətta xalqımızın uzun illərdən gələn belə bir ənənəsi də var: qız evinə elçi gedəndə və razılıq alınanda mütləq şirin çay içilməlidir. Bu, gənclərin izdivacına xeyir-dua vermək əlaməti sayılır.

Çay gündəlik qida rasionunda əhəmiyyətli yer tutur. Onun tərkibində sağlamlıq üçün faydalı müxtəlif minerallar var. Xüsusilə mövsümü soyuqdəymələr zamanı onun qəbulu çox xeyirlidir. Ağır və yağlı yeməklərdən 1 saat sonra qəbul olunması həzm prosesini asanlaşdırır. Ona rəng verən birləşmələr damar çəpərlərini gücləndirir, beyin də daxil olmaqla bütün orqanlarda hər cür qanaxma riskini azaldır. Çay içilməsi qan dövranını yaxşılaşdırır, diş minasını möhkəmləndirir, bədəni zərərli maddələrdən təmizləyərək böyrəklərin daha yaxşı işləməsini təmin edir.

Çay könlümüzə rahatlıq və dinclik gətirən içki olmaqla yanaşı, həm də mədəniyyət nişanəsidir. Heç bir məclisi - rəsmi danışıq tədbirindən tutmuş adi dost süfrəsinə qədər onsuz təsəvvür etmək olmaz. Çox vaxt tanışlıq, münasibət və ünsiyyət, hətta uzun illərin dostluğu bu dəvətdən, bir stəkan çaydan başlanır. Bəzən adi məişət ritualı təsiri bağışlayan bir stəkan çay ən xoş təmas və münasibətin başlanğıcına çevrilir.

Çin mifologiyasına görə, çayın bir içki kimi kəşfi təsadüflə bağlıdır. Deyilənə görə, Çin imperatorunun qulluqçusu qaynar su gətirərkən ağacdan onun üzərinə bir neçə yarpaq düşüb və imperator onun dadına baxandan sonra həmin içkini bəyənib. Beləcə, 5 min ildən çoxdur ki, çay süfrələrin ən dadlı və əvəzedilməz içkisi olaraq qalır.