Duz orqanizm üçün vacib mineralların mənbəyi hesab olunur və ürək-damar sistemi, maddələr mübadiləsi, eləcə də dəri sağlamlığında mühüm rol oynayır. Duz yeməklərin dadını gücləndirsə də, onun normadan artıq qəbulu müxtəlif xəstəliklərə səbəb ola bilər. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, mütəxəssislər sağlam qalmaq üçün gündəlik duz normasına ciddi əməl etməyi tövsiyə edirlər.
Qida duzu natrium və xlor elementlərindən ibarətdir və bu maddələr sinir impulslarının ötürülməsində, qan yaranmasında, mədədə xlorid turşusunun ifrazında, arterial təzyiqin tənzimlənməsində və dərinin nəmlənməsində mühüm rol oynayır. Həm duzun azlığı, həm də çoxluğu sağlamlıq üçün təhlükəlidir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə əsasən, böyüklər üçün gündəlik duz norması 4–5 qramdır ki, bu da təxminən üstü olmayan bir çay qaşığına bərabərdir. 1,5 yaşına qədər uşaqlara əlavə duz verilməsi məsləhət görülmür, çünki onların ehtiyacı ana südü və uşaq qidaları ilə ödənir. Daha sonra isə gündəlik norma 3 qramdan çox olmamalıdır. 7 yaşdan etibarən böyüklər üçün nəzərdə tutulan norma tətbiq oluna bilər.
Diyetoloqlar bildirirlər ki, normanın 2–3 qram artıq olması adətən ciddi fəsad yaratmır və gündəlik 7–8 qram duz qəbuluna yol verilə bilər. Lakin hazır məhsullar, konservlər və fastfudlar səbəbindən bu hədd çox vaxt aşılır.
Mütəxəssislər duz qəbulunu azaltmaq üçün evdə yemək bişirməyi, hazır yeməklərə əlavə duz vurmamağı, konserv tərəvəzləri istifadə etməzdən əvvəl yumağı, duzlu çərəzlərdən və küçə yeməklərindən uzaq durmağı məsləhət görürlər.
Duzun normadan artıq qəbulu arterial təzyiqin yüksəlməsi, damar elastikliyinin azalması, ürəkdöyünmə, böyrək daşları, baş ağrısı və təngnəfəslik kimi problemlərə səbəb ola bilər. Əllərdə və ayaqlarda şişkinlik, gözaltı torbalar da çox duz qəbulunun əlamətləri sayılır.
Digər tərəfdən, duz çatışmazlığı da təhlükəlidir. Bu hal aşağı təzyiq, başgicəllənmə, əzələ qıcolmaları, zəiflik, həzm və yaddaş pozuntuları, ürək fəaliyyətində problemlərlə müşayiət oluna bilər. Belə hallarda adətən duz qəbulunu bir qədər artırmaq kifayət edir.
Mütəxəssislər bildirirlər ki, adi xörək duzunu dəniz duzu ilə əvəz etmək mümkündür. Dəniz duzu daha az natrium xlorid ehtiva edir və tərkibində maqnezium, kalium, kalsium kimi faydalı minerallar var. Bundan əlavə, limon suyu, soya sousu, sarımsaq, soğan, şüyüd, zəncəfil, istiot, zirə və digər ədviyyatlar yeməyə duzsuz da dad qatmağa kömək edə bilər.
Tamamilə duzdan imtina etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Mütəxəssis sağlamlığa zərər vermədən minimum duzla balanslı qidalanma rejimini müəyyənləşdirə bilər.






