Mütəxəssislərin fikrincə, müasir dövrdə şirniyyata həddindən artıq meyl sağlamlıq üçün ciddi risklər yaradır. Rəsmi statistikaya görə, bir çox insan gündəlik şəkər normasını dəfələrlə aşır. Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, nutrisiyoloq Nika Serqunina şirniyyata olan güclü istəyi azaltmağın effektiv yolları barədə danışıb.

Ekspert bildirib ki, problemin əsas səbəblərindən biri gündəlik qidalarda mövcud olan “gizli şəkər”dir. Onun sözlərinə görə, souslardan tutmuş “sağlam” adı altında satılan batonçiklərə qədər bir çox məhsulun tərkibində yüksək miqdarda şəkər var.

Nika Serqunina qeyd edib ki, şəkər özü-özlüyündə zərərli maddə deyil, lakin onun mütəmadi olaraq normadan artıq qəbulu ciddi metabolik pozuntulara səbəb olur. Bu pozuntulara insulin müqaviməti, piylənmə, II tip şəkərli diabet riski və ürək-damar xəstəlikləri daxildir. Bundan əlavə, bağırsaq mikrobiotası zədələnir, iltihabi proseslər güclənir, qanda qlükozanın tez-tez yüksəlib-enməsi isə xroniki yorğunluq yaradır və şirniyyata olan ehtiyacı daha da artırır.

Mütəxəssis vurğulayıb ki, şəkərdən tamamilə imtina etmək düzgün yanaşma deyil, çünki bu, tez-tez qida pozuntularına və qəfil “sürüşmələrə” gətirib çıxarır. Onun əvəzinə mərhələli və balanslı strategiya tövsiyə olunur.

Nutrisiyoloqun tövsiyələrinə görə, ilk növbədə məhsulların tərkibi diqqətlə oxunmalı və gizli şəkər mənbələri müəyyən edilməlidir. Şirin qazlı və digər şəkərli içkilərin azaldılması xüsusilə vacibdir, çünki onlar “boş kalori”nin əsas mənbəyidir. Eyni zamanda rasiondakı ümumi şirinlik səviyyəsi tədricən azaldılmalı, qidalanma balanslaşdırılmalıdır.

Ekspert əlavə edib ki, kifayət qədər zülal və lif qəbulu toxluq hissini daha uzun müddət saxlayır və enerji səviyyəsini stabilləşdirir. Şirniyyata alternativ olaraq isə bütöv meyvələr, giləmeyvələr, quru meyvələr və steviya kimi təbii şirinləşdiricilərdən istifadə etmək tövsiyə olunur.