Dəniz məhsulları arasında qida dəyəri ilə seçilən midyə bir sıra vacib vitaminlərin zəngin mənbəyi hesab olunur.

Foodinfo.az xəbər verir ki, qidalanma sahəsində aparılan müşahidələr göstərir ki, midyə xüsusilə B qrupu vitaminləri ilə diqqət çəkir.

Midyə B12 vitamini baxımından olduqca zəngindir. Bu vitamin sinir sisteminin normal fəaliyyəti, qan yaranması və enerji mübadiləsi üçün mühüm rol oynayır. 

Həmçinin midyənin tərkibində B2 (riboflavin), B1 (tiamin) və B3 (niasin) vitaminləri də mövcuddur ki, bunlar maddələr mübadiləsini dəstəkləyir və orqanizmin enerji istehsalına kömək edir.

Bundan əlavə, midyədə az miqdarda A, C və E vitaminləri də aşkar edilir. Bu vitaminlər antioksidant təsir göstərərək hüceyrələri zərərli təsirlərdən qorumağa yardım edir.

Vitaminlərlə yanaşı, midyə dəmir, sink, selen, yod və omeqa-3 yağ turşuları kimi vacib maddələrlə də zəngindir. Bu komponentlər ürək-damar sisteminin, immunitetin və qalxanabənzər vəzinin normal fəaliyyətinə müsbət təsir göstərir.

Midyə yalnız etibarlı mənbədən alınmalı və yaxşı bişirilməlidir. Çiy və ya düzgün saxlanılmamış dəniz məhsulları qida zəhərlənməsi riski yarada bilər.