İmmuniteti gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Burada əsas məqam balanslı qida istehlakıdır.

Foodinfo.az-ın xəbərinə görə, bunu AZƏRTAC-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib. Mütəxəssisin sözlərinə görə, daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmaq tövsiyə edilir. Xüsusilə də lobya güclü immunomodulyator sayılır: “Qida rasionunun düzgün təşkili zamanı zərərli vərdişlərin olmaması və vitaminlərlə zəngin qidaların qəbul edilməsi çox vacibdir. Xüsusilə yayda gün ərzində ən azı 2-3 litr su içilməlidir. Səhər yuxudan oyanan kimi bir stəkan ilıq su içmək orqanizmə çox faydalı təsir göstərir. Yeməkdən 10-15 dəqiqə əvvəl də bir stəkan su xeyirlidir, lakin yemək zamanı maye qəbul etmək məsləhət görülmür. İmmun sistemini gücləndirmək və xəstəlikləri özümüzdən uzaq tutmaq üçün düzgün yuxu rejimi və aktiv həyat tərzi olduqca vacibdir. Bunların hamısı kompleks şəklində edilərsə, yay aylarında immun sistemi istənilən səviyyədə olar”, - deyə Z.Quliyev qeyd edib.

Mütəxəssis yay aylarında istehlakı vacib olan qidaları sadalayıb: “Ümumiyyətlə hər bir meyvə öz fəslində orqanizm üçün faydalı olur. Qarpız, yemiş, çiyələk, gilas, alça, böyürtkən kimi meyvə və giləmeyvələrə, badımcan, pomidor kimi tərəvəzlərə üstünlük verilməlidir. Orqanizminizi bu qidalardan məhrum etməyin”.

Z.Quliyevin sözlərinə görə, yayda hazır qidalardan maksimum dərəcədə uzaq durmaq lazımdır. Şirin su istifadəsi azaldılmalı, xüsusilə, isti havalarda bol miqdarda su qəbul olunmalıdır.