
Son illər qlobal bazarda ən çox diqqət çəkən məhsullardan biri bitki mənşəli ətdir. Əsl ətə alternativ olaraq hazırlanan bu qidalar həm sağlamlıq, həm də ekoloji səbəblərlə daha çox insan tərəfindən seçilir.
Foodinfo.az xəbər verir ki, bitki mənşəli ət soya, noxud, mərcimək və buğda qlüteni kimi zülallardan hazırlanır. Məhsula ətə bənzər tekstura və dad vermək üçün bitki yağları, çuğundur ekstraktı, ədviyyatlar və təbii aromalar əlavə olunur. Bu texnologiya sayəsində məhsul həm görünüş, həm də dad baxımından heyvan ətinə yaxın olur.
Bəs, bitki mənşəli ətin faydaları nələrdir?
– Ürək sağlamlığı: Xolesterinsiz olduğu üçün damar tıxanıqlığı riskini azaldır.
– Həzm sistemi: Bitki mənşəli liflər bağırsaq fəaliyyətini yaxşılaşdırır.
– Ekoloji təsir: Heyvan kəsimini azaltdığı üçün ətraf mühitin qorunmasına dəstək verir.
– Vegetarianlar üçün seçim: Zülal ehtiyacını qarşılayır və ətə alternativ rolunu oynayır.
Bazarda satılan bəzi bitki mənşəli ətlər çox işlənmiş olur. Dadlandırıcı, konservant və süni qatqılar orqanizm üçün arzuolunmaz ola bilər. Həmçinin heyvan ətində bol olan B12 vitamini və dəmir bu məhsullarda daha azdır.
Bitki mənşəli ət getdikcə populyarlaşsa da, hər bir istehlakçı məhsul seçərkən tərkibinə diqqət etməlidir. Mütəxəssislər balanslı qidalanmanın vacibliyini vurğulayır və bitki mənşəli ətin digər təbii tərəvəz və taxıllarla birlikdə qəbul edilməsini tövsiyə edirlər.