Payız balqabaq mövsümüdür. Ondan şorba, sıyıq, salat, piroq və digər yeməklər hazırlanır. Balqabaq və onun tumları müxtəlif vitamin və minerallarla zəngindir.
Foodinfo.az xəbər verir ki, diyetoloq Yekaterina Şapovalova bu tərəvəzin faydalarından danışıb.
Onun sözlərinə görə, balqabağın tərkibində kalium, fosfor, kalsium, maqnezium, natrium, dəmir, sink, C, E, PP, B2, B6, B1 vitaminləri var. Eyni zamanda, balqabaq tumları da xüsusi faydaya malikdir: onların tərkibində karotinoid, fosfolipid, fosfatid, sterol və flavonoidlər var. Tumun yağında (tumun 35-40%-ni təşkil edir) doymuş, doymamış və poli doymamış yağ turşuları var.
Balqabaq və balqabaq tumları kişi cinsiyyət hormonlarının sintezində iştirak edən, prostat vəzinin fəaliyyətini normallaşdıran, həmçinin ürək-damar sisteminin vəziyyətini yaxşılaşdıran sinklə zəngindir.
Balqabaqda, həmçinin, yerkökü ilə müqayisədə orta hesabla 4-5 dəfə daha çox beta-karotin var ki, bu da beyin fəaliyyətinə müsbət təsir edir, diqqəti artırır və yaddaşı yaxşılaşdırır. Balqabağın içində və tumlarında tokoferol kimi tanınan E vitamini çoxdur. Bu isə orqanizmin oksigen tədarükünü və ümumi qoruyucu funksiyasını yaxşılaşdırmağa kömək edir.