Badımcan faydalı və aşağı kalorili tərəvəzdir, 100 qramında cəmi 24 kkal var. Bu xüsusiyyətlər sayəsində badımcan pəhrizi yaranıb. Həmin pəhriz zamanı daha yüksək kalorili yeməklər əsas tərkib hissəsi badımcan olan yeməklərlə əvəz olunur. Tərəvəzi salat şəklində yeyə və ya sobada bişirə, şorbalara əlavə edə və ya pörtüb yeyə bilərsiniz.

Foodinfo.az xəbər verir ki, diyetoloq Veronika Qusakova Life-a bu pəhrizin kimə uyğun olduğunu və kimlərin ondan uzaq durmalı olduğunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, badımcanda toxluğu artırmağa və iştahı idarə etməyə kömək edən lif, həmçinin B qrupunun vitaminləri, K vitamini, mis, manqan, kalium, dəmir, fosfor və maqnezium var. Antosian antioksidanları isə hüceyrələri sərbəst radikalların yaratdığı zərərdən qorumağa kömək edir. Yeri gəlmişkən, tərəvəzə tünd bənövşəyi rəng verən məhz antosianlardır. 

Bütün bunlara baxmayaraq, Qusakova xəbərdarlıq edir ki, badımcan arıqlamaq üçün "sehrli çubuq" deyil. Çəkinizin azalması üçün kalori balansına və rasionun ümumi strukturuna nəzarət tövsiyə olunur.

"Badımcan pəhrizi bu tərəvəzin gündə üç dəfə və ya daha çox yeyilməsini nəzərdə tutur ki, bu da rasiondakı zülalların, yağların və karbohidratların balansına təsir edə bilər. Arıqlayanda diqqət etməli olduğunuz ilk şey zülal çatışmazlığıdır. Zülal çatışmazlığı zamanı orqanizm öz əzələlərini parçalamağa başlayır”, - deyə diyetoloq qeyd edib.

Bundan əlavə, hər hansı bir mono-pəhriz mühüm vitaminlərin, mineralların və qida maddələrinin çatışmazlığına səbəb ola bilər ki, bu da ümumi sağlamlığınıza mənfi təsir göstərəcək. 

Bəzi insanlar isə badımcandan tamamilə imtina etməlidirlər. Bu tərəvəz psoriaz, böyrək çatışmazlığı, podaqra və artrit zamanı istifadə edilməməlidir.

"Badımcanın tərkibində oksalat adlı maddə var ki, öd kisəsində daş əmələ gəlməsini artıra bilər, ona görə də öd daşı xəstəliyində istifadə etmək məsləhət görülmür. Badımcan qalxanabənzər vəzinin fəaliyyətinə də təsir göstərə bilər. Hipo və ya hipertireozu olan insanlar üçün belə pəhriz zərərlidir", - deyə ekspert izah edib.

Bu tərəvəzi, həmçinin, qan təzyiqini aşağı salan dərmanlarla da qarışdırmaq olmaz.

Nurlan